
"Sülh prosesi Azərbaycanın strateji baxışına uyğun gedir".
Bu fikri politoloq Qədir Aslan Missiya.Az-a Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma ilə bağlı danışarkən deyib.
"Azərbaycan və Ermənistan sülhün əldə edilməsi üçün qərb dövlətləri ilə geniş spektirli əməkdaşlıq içindədir. Sülh danışığı baş tutub protokollar imzalanandan sonra bilirsiniz ki, diplomatik münasibətlərin yaranmasına başlanılacaq. Bunun da ardınca xalqların barışığa hazırlığı prosesi özünü göstərir. Mədəniyyət, incəsənət, media sahəsində xüsusilə təbliğat sahəsində bir an öncə prosesə başlamanın gərəkli olduğunu düşünürəm. Artıq dilimizdəki sözümüzdən tutmuş beynimizdəki düşüncəmizə qədər sülhə köklənməliyik. Çünki, bu iki xalq illərdir ki, düşmənçilik və konflikt mövqeyində yaşadığı üçün çox şeyləri itirir və bunu aradan qaldırmaq lazımdır. Təbii ki, yenədə biz qan yaddaşımızı unutmamalıyıq və bunu xüsusi vurğulamaq istəyirəm ki, ordumuzu həmişə güclü saxlamalıyıq".
Politoloq bildirib ki, əsrlər boyu bir çox xalqlar bir-biri ilə savaşıb. Mələsən, önümüzdə Fransa və Almaniya nümunəsi var. Onlar bizdən daha çox qarşılıqlı konflikt şəraitində olublar. Amma II Dünya Müharibəsindən sonra nəhayət, yeni bir ticarət anlaşması ilə Avropa Birliyinin əsasını qoydular. İndi də bu dünyanın ən böyük üçüncü iqtisadi imperiyasıdır. Eynisini biz kiçik həcmdə Qafqazda edib savaş səhifəsini geridə qoya bilərik.
"Prezidentimizin də vurğuladığı kimi, biz yeni səhifə başlada bilərik".
Qədir Aslanın sözlərinə görə, Rusiya və İranın hakim dairələri isə sadaladığım addımlar və irəliləyişi istəmirlər. Onlar həmişə konflikt və Azərbaycanın idarəetməsinin iflic vəziyyətdə olmasını arzu edirlər. Həmçinin Qafqaza dair imperialist baxışları mövcud hakimiyyətləri yenilənmədikcə dəyişməyəcək:
"Qarabağ münaqişəsi özlüyündə Azərbaycan və Ermənistanın həm iqtisadiyyatına, həm də ictimai-siyasi, sosial həyatına xüsusilə rifah halına mənfi təsir göstərən faktordur. Dünyada və beynəlxalq aləmdə inkişaf və uğurlu sıçramalar həyata keçirilərkən, biz niyə konflikt halında qalmalıyıq",- Q.Aslan əlavə edib.
İlahə Qənbərli
Missiya.Az