AZ   |   RU
Azərbaycanda aqrar sektor cüzi böyüyüb

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 8 milyard 204 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Missiya.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,4 % azalaraq 4 milyard 135 milyon manata düşüb, heyvandarlıq məhsullarının dəyəri isə 1,1 % artaraq 4 milyard 69 milyon manat təşkil edib.

Ölkə üzrə əkin sahələrinin 973,4 min hektarını və yaxud 61,5 %-ni dənli və dənli paxlalı bitkilərin, 125,9 min hektarını və yaxud 7,9 %-ni texniki bitkilərin, 122,8 min hektarını və yaxud 7,8 %-ni kartof, tərəvəz və bostan bitkilərinin, 360,6 min hektarını və yaxud 22,8 %-ni yemlik bitkilərin əkin sahələri təşkil edib. O cümlədən, dənli və dənli paxlalı bitkilərin 479 min hektarı və yaxud 49,2 %-i buğda, 433,8 min hektarı və yaxud 44,6 %-i arpa, 34,2 min hektarı və yaxud 3,5 %-i qarğıdalı, 14 min hektarı və yaxud 1,4 %-i paxlalı bitkilər, 12,4 min hektarı və yaxud 1,3 %-i isə digər dənli bitkilərin əkin sahələri olub.

Dənli və dənli paxlalı bitkilərin əkin sahələrinin əsas hissəsini payızlıq dənli bitkilər təşkil edir. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 943,4 min hektar sahədən 906,1 min hektar payızlıq dənli bitkilərin sahəsi cari ilin yaz əkini dövrünün sonunadək salamat qalıb ki, bu da ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 93,1 %-inə bərabərdir. 28,4 min hektar sahədə əkilmiş payızlıq dənli bitkilər tamamilə məhv olub, 6,6 min hektar sahə yem üçün istifadə edildikdən sonra yerində yazlıq bitkilər əkilib, payızlıq dənli bitkilərin 2,3 min hektar sahəsi isə yem üçün saxlanılıb.




  • Bu gün, 15:10