AZ   |   RU
“Heydər Əliyev İli” çərçivəsində Nizami rayonu 190 saylı körpələr evi-uşaq bağçasında tədbir keçirilib - FOTOLAR


“Heydər Əliyev İli” çərçivəsində 05 may 2023-cü il tarixində Nizami rayonu 190 saylı körpələr evi-uşaq bağçasında “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının, Nizami bələdiyyəsinin nümayəndələri, rayonun məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, 190 saylı uşaq bağçasının kollektivi, uşaqlar və valideynlər iştirak ediblər.


Əvvəlcə iştirakçılar müəssisənin həyətyanı ərazisində Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə xatirə ağacı əkiblər, həmçinin uşaq bağçasının təşkil etdiyi sərgiylə tanış olublar.


Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin ədəbi-bədii hissəsi başlayıb.


Tədbirdə 190 saylı uşaq bağçasının kollektivi tərəfindən hazırlanmış kompozisiya nümayiş olunub, Ulu Öndər Heydər Əliyevə, Azərbaycana, ordumuza həsr olunmuş şeirlər söylənilib, mahnılar ifa edilib.


Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, 59 saylı uşaq bağçasının müdiri Rəna Süleymanova, 190 sayı uşaq bağçasının müdiri Nazilə Dəmirova və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin uşaqlara göstərdiyi qayğı və diqqətdən, uşaq siyasəti ilə bağlı həyata keçirdiyi layihələrdən söhbət açıblar. Çıxışlarda xüsusilə vurğulanıb ki, Heydər Əliyev bütün uşaqları çox sevirdi və onların sağlam, xoşbəxt böyümələri üçün aidiyyəti dövlət qurumları qarşısında mütəmadi olaraq vəzifələr qoyurdu. “Uşaqlar bizim sevincimiz, həyatımızın mənasıdır” deyən Ulu Öndərimizin parlaq xatirəsi hər zaman qəlblərdə yaşayacaqdır.


Həmçinin qeyd olunub ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün cənab Prezidentimiz İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çöx uğurla davam etdirilir.



  • 12-05-2023, 14:53