AZ   |   RU
Abşeronda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü qeyd edilib - FOTOLAR


Abşeronda Xocalı soyqrımının 31-ci ildönümü dərin ehtiramla yad edilib.

Missiya.Az
xəbər verir ki, tədbirə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və Abşeronda məskunlaşan xocalılar qatılıblar.

İştirakçılar əvvəlcə Xırdalan səhərində Şəhidlər abidəsini ziyarət edərək şəhidlərimizin və Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirələrini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində “Xocalı–soyqırım həqiqətləri” mövzusunda davam edən anım tədbirində ilk öncə Xocalı soyqırımına həsr olunub, videoçarx və rayon məktəblilərinin rəsmləri nümayiş etdirilib. 

Daha sonra tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Xocalı soyqırımı erməni qəsbkarlarının xalqımızın başına gətirdiyi növbəti faciələrindən biridir. Erməni qəsbkarları, özlərinin də etiraf etdiyi kimi, azərbaycanlıların gözünü qorxutmaq, xalqımızda döyüş əzmini qırmaq və ermənilərə guya heç bir zaman qalib gələ bilməyəcəyimiz haqda cəfəng düşüncənin yaradılması, etnik təmizləmə aparılması məqsədi ilə soyqırım törədiblər.

Bu qırğın nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bütün bunlar göstərir ki, onların birbaşa məqsədi soyqırım törətmək olub və buna da nail olublar.
 
RİH başçısı əlavə edib ki, Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı Ümummilli Lider Heydər Əliyev olub. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirilib. Ulu Öndərin Sərəncamı ilə “26 fevral - Xocalı faciəsi günü” elan edilib,  "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı ilə ilk dəfə faciənin dəqiq siyasi qiyməti verilib, günahkarlar göstərilib. İndi isə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Ümummilli Liderin siyasi irsini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə son illər bu soyqırımı hadisəsinin bütün dünyada tanınması və ədalətli siyasi-hüquqi qiymətinin verilməsi istiqamətində geniş siyasi-ideoloji işlər görülür. 

Azərbaycan Respubkilasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Xocalı faciəsinin tanıdılması istiqamətində böyük işlər görülüb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, faciənin ildönümlərində dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində geniş təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. Bunun nəticəsi olaraq, 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 51 ölkənin parlament heyətləri başçılarının iştirakı ilə keçirilən VI sessiyasında qətnamə qəbul edilib.

"Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilib. Görülən tədbirlərin nəticəsidir ki, Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan dövlətlərin sayı ildən-ilə artmaqdadır.

RİH başçısı Abdin Fərzəliyev əlavə etmişdir ki, Abşeron rayonunda Xocalıdan 343 ailə yaşamaqdadır. Onlardan 22-si Xocalı soyqırımı qurbanı ailələridir. Rayonumuz ərazisində ümumilikdə 385 şəhid ailəsi məskunlaşıb. Onlardan 142-si Vətən müharibəsi şəhidinin ailələridir. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələri və qazilərimiz daima diqqətdə saxlanılır, onlarla mütəmadi görüşülərək qarşılaşdıqları problemlərin həlli istiqamətində tədbirlər görülür.

Xocalı soyqırımı qurbanlarının, eləcə də bütün şəhidlərimizin qisasının döyüş meydanında layiqincə alındığını vurğulayan RİH başçısı qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni diz çökdürüb.

Güclü siyasi iradə, qüdrətli ordu, xalq-lider birliyi, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi qələbəni təmin edib. 

Daha sonra Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyi”nin Abşeron rayon şöbəsinin sədri Süleyman Cəfərov, qazilər Vasif Allahverdiyev, Vidadi Əliyev və Xocalı soyqırımı ailəsinin üzvü Vidadi Hüseynov çıxış edərək Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən, soydaşlarımıza qarşı törədilən qətliamdan və şanlı Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı qələbədən danışıblar.

Missiya.Az



  • 25-02-2023, 15:08