AZ   |   RU
Memorial iştirakçıları şahmatçı Vüqar Həşimovun məzarını ziyarət ediblər

“Vugar Gashimov Memorial-2022”nin iştirakçıları dekabrın 21-də II Fəxri xiyabanda Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun məzarını ziyarət ediblər.

Missiya.Az-
a verilən məlumata görə, turnirin mətbuat xidməti xəbər verir ki, ziyarətdə yarış iştirakçıları, Təşkilat Komitəsinin üzvü - Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və media nümayəndələri iştirak ediblər.

İştirakçılar şahmatçımızın məzarı önünə gül dəstələri qoyublar.

Turnirin direktoru Anar Allahverdiyev Vüqar Həşimovun dünya şahmatında qazandığı nailiyyətlərdən və idmanın bu növünün ölkəmizdə inkişafına verdiyi töhfələrdən söz açıb.

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov ilk memorialdan güclü idmançıların iştirak etdiyini deyib: “Vüqar peşəkar idmançı olmaqla yanaşı, gözəl insan idi. Onun oyunları bu gün gənc şahmatçılar üçün bir dərslikdir. Nə qədər ki, şahmat var, Vüqar da həmişə xatirələrdə qalacaq”.

Xalq yazıçısı Çingiz Abdullayev Vüqar Həşimovun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək bildirib ki, cavan yaşda bir insanı itirmək ağır hissdir. Əgər bu şəxs istedadlı insandırsa ikiqat ağırdır. Hər bir azərbaycanlı Vüqarla fəxr etməlidir. Hər bir insan tarixdə iz qoymağı bacarmır. Ancaq Vüqar cavan yaşında bunu bacardı. Təkcə valideynləri, doğmaları deyil, bütün azərbaycanlılar Vüqarla fəxr edə bilərlər.

Çıxış edənlər Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Bəxtiyar Rüstəmov, tanınmış rusiyalı şahmatçı Yevgeni Tomaşevski, turnirin iştirakçıları özbəkistanlı Nodirbek Abdusattorov və ispaniyalı Fransisko Valeho Pons Vüqar Həşimovun yüksək insani keyfiyyətlərindən, dünya şahmatında özünəməxsus oyun üslubundan danışıb, memorialın bu ildə yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

Vüqar Həşimovun atası Qasım Həşimov oğlunun cismən aramızda olmamasını qeyd edərək onun həmişə xatirələrdə yaşayacağını bildirib. Qeyd edib ki, Vüqar Həşimov valideynlərinə və öz dövlətinə bağlı insan idi. Onun oyunları bu gün də müzakirə olunur. Hamınıza təşəkkür edirəm ki, bu ildə bizimlə birlikdəsiniz.

Dekabrın 24-dək davam edəcək yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.


  • 21-12-2022, 14:53