AZ   |   RU
“Türk İnvestisiya Fondu Türk Dövlətləri Təşkilatının inkişafında mühüm rol oynayacaq” - Ramin Əhmədov

 
“Türk İnvestisiya Fondunun fəaliyyəti bütövlükdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əlaqələrin inkişafına və birliyin möhkəmlənməsinə xidmət edəcək. Ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi Sözsüz ki, digər istiqamətləri əhatə edən əlaqələrə də öz müsbət təsirini göstərəcək”.

Missiya.Az xəbər verir ki, bunu Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Türk İnvestisiya Fondunun gələcək perspektivləri barədə paylaşdığı statusda qeyd edib.

R.Əhmədov qeyd edib ki, İlkin Nizamnamə kapitalı 500 milyon dollar olan Fondun  fəaliyyəti əsasən  Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək: “ Bu sırada kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsi, nəqliyyat və logistika zəncirlərinin saxlama və istehsal güclərinin artırılması, sənaye istehsalı, nəqliyyat, kənd təsərrüfatı, İKT, yaşıl iqtisadiyyat, turizm  və qarşılıqlı maraq doğuran digər  sahələri qeyd etmək olar. Ümumiyyətlə, bu Fondun yaradılması Türk Birliyinin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm tarixi   addımdır. Şübhə yoxdur ki, gələcəkdə Fondun büdcəsi daha böyük məbləğləri əhatə edəcək və gözlənildiyi kimi Beynəlxalq Valyuta Fondu və Dünya Bankına bənzər bir maliyyə quruluşuna çevriləcək. Onu da xüsusi vurğulamalıyıq ki, Fondun yaradılması təşəbbüsü Azərbaycan prezidenti İlham Əliyev tərəfindən gəlib. Bu da Dövlətimizin başçısının Türk Dövlətləri Təşkilatının inkişafında, türk ölkələri arasında əməkdaşlığın dərinləşməsi və ölkələrin iqtisadi potensialının genişlənməsində maraqlı olduğunun növbəti təzahürü və inkişaf prosesinə daha bir töhfəsidir”.

Elcan
Missiya.Az



  • 5-06-2023, 15:33