AZ   |   RU
Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarına müraciət edib
​​​Azərbaycanın Ankaradakı səfirliyi Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində məskunlaşmış Azərbaycan vətəndaşlarına müraciət edib.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə səfirlik tviterdə paylaşım edib.

“Zəlzələdən zərər çəkmiş bölgələrdə məskunlaşmış Azərbaycan Respublikası vətəndaşları təxliyə üçün +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər. Təxliyə yalnız zəlzələ bölgəsinə aiddir!”, - tvitdə qeyd olunub.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.


  • 11-02-2023, 23:21