AZ   |   RU
Mikayıl Cabbarov: “Azərbaycan-Misir əlaqələri qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf edir”


Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələr qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf edir.

Missiya.Az
xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 27-də Bakıda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşündə deyib.

Mikayıl Cabbarov əminliklə bildirib ki, bugünkü tədbir iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək. Nazir hazırda dünyada yaşanan iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatının 2022-ci ildə sabit inkişaf dinamikası nümayiş etdirdiyini, ümumi daxili məhsulun 4,6 faiz artdığını bildirib.

Qeyd edilib ki, bu dövrdə qeyri-neft-qaz sahəsində artım 9,1 faiz təşkil edib, qeyri-neft ixracı 12 faizdən, ölkənin ümumi ixracı 73 faizdən çox artıb.

Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələrin qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf etdiyini vurğulayan M.Cabbarov dövlət başçılarının siyasi iradəsinin ikitərəfli əlaqələrin möhkəmlənməsində və genişlənməsində mühüm rol oynadığını bildirib.
Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdıran nazir deyib ki, Azərbaycanın Afrikada ilk səfirliyi 1994-cü ildə Misirdə açılıb. İki ölkə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanla Misir arasında iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd edən Mikayıl Cabbarov bildirib ki, hazırda ölkəmizdə Misir investisiyalı 51 şirkət fəaliyyət göstərir.

“Bununla belə, investisiya sahəsində əməkdaşlığın, qarşılıqlı ticarətin genişləndirilməsi üçün böyük potensial var. İnanırıq ki, Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyanın fəaliyyəti, iş adamlarının iştirakı ilə təşkil olunan tədbirlər, Azərbaycan-Misir İşgüzar Şurasının yaradılması istiqamətində aparılan işlər bu potensialın reallaşdırılmasına töhfəsini verəcək”, - nazir vurğulayıb.

  • 27-01-2023, 21:55