AZ   |   RU
Britaniya Baş naziri Azərbaycanın yaşıl enerjinin ixracatçısına çevrilməsi istiqamətindəki səylərini alqışlayıb


"Mən, həmçinin Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi və yaşıl enerjinin ixracatçısına çevrilməsi istiqamətindəki səylərinizi alqışlayıram".

Missiya.Az xəbər veirr ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda əksini tapıb.

Məktubda qeyd edilib ki, bu məqsədlərə nail olmaq üçün enerjinin ötürülməsi sahəsində avropalı tərəfdaşlarla əməkdaşlıq əhəmiyyətli olacaq: "Azərbaycandan Avropaya bərpaolunan elektrik enerjisinin nəqlini hədəfləyən Cənub Qaz Dəhlizinin Yaşıl Enerji və Qara dəniz sualtı kabel layihəsi üzrə ilk Məşvərət Şurasının yaradılması xüsusilə ümidvericidir".

Məktubda vurğulanıb ki, ötən iki il ərzində Birləşmiş Krallıq imkanların artırılması və maariflənmə proqramları vasitəsilə Azərbaycanın enerji keçidini dəstəkləyib: "Bu təşəbbüslər Azərbaycanın daha dayanıqlı enerji gələcəyinin təmin edilməsi ilə yanaşı, iqlim dəyişikliyinin təsirinə qarşı çevikliyini gücləndirəcəkdir. Biz belə təşəbbüslərin bəzilərinin vacib elementlərini özündə əks etdirən yeni nəşri Bakı Enerji Həftəsi çərçivəsində təqdim edəcəyik. Nəşrdə enerji keçidi ilə bağlı müəyyən çağırışların öhdəsindən gəlmək üçün Britaniya şirkətlərinin Azərbaycana hansı köməyi göstərə biləcəyi işıqlandırılacaqdır.

Bu fürsətdən istifadə edərək, təmiz enerjiyə keçid və iqlim dəyişikliyi ilə mübarizə sahəsində kollektiv səylərimizin sürətləndirilməsi məqsədilə Birləşmiş Krallığın enerji sektorunda Azərbaycan və beynəlxalq tərəfdaşlarla birgə işləməyə sadiqliyini bir daha vurğulayıram".



  • 31-05-2023, 12:03