AZ   |   RU
28 May - Müstəqillik Günü Pakistanda qeyd edilib - FOTOLAR


Azərbaycan Respublikasının Pakistandakı səfirliyi “28 May - Müstəqillik Günü” münasibətilə İslamabadda rəsmi qəbul keçirib.

Səfirlikdən Missiya.Az-a verilən xəbərə görə, Pakistanın təhsil və peşəkar təlim üzrə federal naziri Rana Tanver Hüseynin əsas qonaq qismində təşrif buyurduğu qəbulda, bu ölkənin Milli Assambleyasının vitse-spikeri Zahid Əkrəm Durani, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra səfir Xəzər Fərhadov çıxış edərək Azərbaycan Demokratik Respublikasının (ADR) 1918-ci il mayın 28-də yaradıldığını bildirib və müsəlman Şərqində ilk demokratik respublika olduğunu diqqətə çatdırıb.

X.Fərhadov ADR-nin keçdiyi inkişaf yolu barədə geniş məlumat verərək mövcud olduğu 23 aylıq qısa müddət ərzində Cümhuriyyətin bir sıra mühüm, xüsusilə demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi kimi nailiyyətlərə imza atdığını vurğulayıb.

Səfir 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqının Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri əsasında müstəqil Azərbaycan Respublikası qurduğunu bildirib.

X.Fərhadov yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın 1991-1993-cü illərdə vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi astanasında olduğunu, habelə ölkəmizdə iqtisadi və siyasi qeyri-sabitliyin hökm sürdüyünü qeyd edərək məhz xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəldiyini diqqətə çatdırıb və ölkədə xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldıraraq Azərbaycanın müstəqilliyini əbədi etdiyini bildirib. Həmçinin X.Fərhadov 2023-cü ilin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü olduğunu vurğulayıb, Azərbaycanda, Pakistanda və digər qardaş ölkələrdə bu münasibətlə bir sıra mühüm silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Səfir Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini diqqətə çatdırıb və bu uğurların Azərbaycan xalqının həyatının bütün sahələrində öz əksini tapdığını qeyd edib.

Azərbaycanın Vətən Müharibəsindən söz açan səfir, 2020-ci ildə məhz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulayıb. Torpaqlarımızn işğaldan azad edilməsindən dərhal sonra Azərbaycan Hökuməti tərəfindən həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını qonaqların diqqətinə çatdırıb.

Çıxışı əsnasında Azərbaycan-Pakistan münasibətlərinə də toxunan X.Fərhadov 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Pakistanın ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirib. Azərbaycan və Pakistanın əlaqələrinin möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulduğunu qeyd edən səfir hər iki ölkənin həm ikitərəfli həm də beynəlxalq arenada bir-birini daima dəstəklədiyini bildirib və ölkələrimiz arasındakı əlaqələrin bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdiyini ifadə edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdıran səfir məhz ölkə başçısının tapşırığı ilə Pakistan mənşəli düyünün gömrük idxalı rüsumundan azad olunduğunu və Pakistanda baş verən təbii fəlakət zamanı Azərbaycanın Pakistana ilk yardım göstərən ölkələrdən biri olduğunu vurğulayıb. Səfir həmçinin iki ölkə arasında fəaliyyət göstərən birbaşa uçuşları və 2022-ci ildə ticarət dövriyyəsinin 3 dəfəyə yaxın artmasını nümunə göstərib və Azərbaycan-Pakistan əlaqələrinin daha da dərinləşərək genişləndiyini diqqətə çatdırıb.

Tədbirin ali qonağı Pakistanın təhsil və peşəkar təlim üzrə federal naziri Rana Tanver Hüseyn öz çıxışında ilk öncə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

28 Mayın Azərbaycanın dövlətçilik tarixində şanlı və mühüm günlərdən biri olduğunu bildirən nazir 1918-ci il mayın 28-də “İstiqlal Bəyannaməsi”nin qəbulu ilə şərqdə və bütün müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıldığını vurğulayıb.

Rana Tanver Hüseyn Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra regionun inkişafına mühüm töhfə verən böyük transmilli enerji, nəqliyyat və infrastruktur layihələrini həyata keçirdiyini bildirib və öz iqtisadiyyatının əhəmiyyətli inkişafına nail olduğunu qeyd edib. Azərbaycan ilə Pakistan arasındakı əlaqələri qardaşlıq münasibətləri adlandırmaqla fəxr etdiyini ifadə edən nazir 2023-cü ildə 100 illik yubileyi qeyd olunan dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həm də iki ölkə arasındakı əlaqələrin inkişafının banisi olduğunu diqqətə çatdırıb.

Nazir hər iki ölkənin yüksək səviyyəli səfərlərinin mübadiləsinin ikitərəfli əməkdaşlığın fəallaşmasına güclü təkan verdiyini vurğulayaraq Azərbaycan və Pakistan arasındakı əlaqələrin bundan sonra da genişlənərək güclənəcəyinə əmin olduğunu ifadə edib.

Sonda “28 May - Müstəqillik Günü”nün 105-ci ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib.

Tədbirdə ölkəmizin tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi keçirilib. Həmçinin, ölkəmizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.




  • 26-05-2023, 15:20