AZ   |   RU
Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Missiya.Az xəbər verir ki, Gürcüstan parlamentinin sədrini salamlayan Sahibə Qafarova, ölkəmizə rəsmi səfəri çərçivəsində Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştiraka və tədbirdəki səmimi çıxışına görə həmkarına təşəkkürünü bildirib.

Milli Məclisin sədri qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb. O, deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dostluq münasibətlərimiz müstəqillik dövründə daha da inkişaf edib və bu əlaqələr hər iki ölkə liderləri tərəfindən davam etdirilir. Bu gün ölkələrimiz iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq edir. Birgə neft, qaz və nəqliyyat layihələri ölkələrimiz arasında güclü tərəfdaşlıqdan xəbər verir.

Spiker Sahibə Qafarova Azərbaycan Prezidentinin Gürcüstana səfəri, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd edərək, bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələrin aparıldığını vurğulayıb.

İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz özünəməxsus rola malikdirlər. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları uğurla fəaliyyət göstərir və milli nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında sıx əməkdaşlıq edirlər. Ali qanunvericilik orqanlarının komitələri arasında münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar var və bu sahədə addımlar atılır.

Görüşdə Sahibə Qafarova Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq münasibətlərinin bu gün regionda bir nümunə olduğunu, sülhə, sabitliyə, tərəqqiyə töhfə verdiyini diqqətə çatdırıb. Milli Məclisin sədri, həmçinin regionda gedən proseslər, Azərbaycanın sülh istiqamətindəki səyləri haqqında da məlumat verib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Milli Məclisin sədrini salamlayaraq, qonşu və dost ölkə olan Azərbaycana səfərə dəvətə görə təşəkkürünü bildirib. O, Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakdan məmnunluğunu bildirib. Şalva Papuaşvili Heydər Əliyevin müasir müstəqil Azərbaycanın əsasını qoyduğunu qeyd edərək, Azərbaycanın bu gün öz ərazi bütövlüyünü təmin etməsinin onun müdrikliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Qonaq bildirib ki, Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, həm də region üçün dəyərli şəxsiyyət idi. Onun əsasını qoyduğu layihələr bu gün öz bəhrələrini verməkdədir.

Söhbət zamanı Gürcüstan spikeri Azərbaycana rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdən razılıqla danışıb, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



  • 16-05-2023, 19:38