AZ   |   RU
Ceyhun Bayramov Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Abdulkərim Əl-Xureyci ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında tarixi və dini cəhətdən bir çox ortaq cəhətlərin olduğu vurğulanaraq Azərbaycanın bu əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

Diplomatik əlaqələrin qurulmasından ötən 30 il müddətdə iki ölkə arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyi qeyd olunaraq bu gün ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub.

Bu xüsusda, ali və yüksək səviyyəli təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edilərək bu kimi təmasların münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib.

Görüşdə iki ölkə arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda faydalı əməkdaşlığın mövcud olduğunu vurğulayan nazir Ceyhun Bayramov beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda, Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyi yüksək qiymətləndirilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı, turizm, alternativ enerji sahələrində mövcud əməkdaşlıq imkanlarından bəhs edib, qeyd olunan sahələr üzrə birgə uğurlu layihələrin həyata keçirildiyini, bu işlərin genişləndirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycanın Ermənistanla sülh prosesi istiqamətində atdığı addımlar və təşəbbüslər, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri, həyata keçirilən irimiqyaslı layihələr barədə qarşı tərəf məlumatlandırılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyindən bəhs edərək COVID-19 üzrə Qoşulmama Hərəkatının Əlaqə Qrupu Zirvə görüşünün əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin ikitərəfli və regional əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

  • 28-02-2023, 21:46