AZ   |   RU
Azərbaycan informasiya müharibəsində qələbəsini təmin edir
 
Azərbaycanın post müharibə dövründə mövqelərini gücləndirmək, informasiya müharibəsində qələbəsini təmin etmək məqsədilə ölkəmizdə keçirilən tədbirlər reallıqları dünyaya çatdırmaq və erməni vəhşiliyini ifşa etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Azərbaycan davamlı olaraq müxtəlif tribunalardan istifadə edir.

Missiya.Az
xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu baxımdan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar mühüm əhəmiyyətə malikdir:

“Mərkəz tərəfindən Cənubi Qafqaz regionunda kəskin dəyişikliklərlə müşayiət olunan yeni vəziyyət önə çəkilib. Eyni zamanda tələb olunan yeni yanaşmaların müzakirəsi üçün ilk dəfə beynəlxalq müzakirə açılıb. Prezidentin çıxışı müxtəlif dövrlərdə ayrı-ayrı ölkələrdə yüksək dövlət vəzifələrində çalışmış tədbir iştirakçıları tərəfindən də yüksək qarşılandı.

Qeyd etmək lazımdır ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Cənubi Qafqazda dialoq və inkişaf üçün dünya səviyyəli əlverişli platforma kimi çıxış edir. Bu cür platformalar regionda baş verən hadisələrin, əsl reallıqların beynəlxalq müstəvidə təbliği üçün mühümdür. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olaraq hər zaman açıq dialoqa, qarşılıqlı müzakirələrə xüsusi önəm verib. Məhz belə platformalarda verilən mesajlar regionun inkişafına mühüm töhfə verir, gələcəkdə qarşıya çıxan məsələlərin həllini önə çəkir”.

C.Məmmədov qeyd edib ki, bu gün bölgədə yeni bir mərhələnin istiqamətləri formalaşır:

“Ermənistanın 30 illlik işğal siyasəti ilə regionda formalaşacaq olan bütün əməkdaşlıq imkanları dayanmışdı. Bu ölkə 10 illiklər ərzində səhv yolla gedib. Ermənistan məhz işğal faktına görə, Azərbaycanla əməkdaşlıqdan və inkişafdan kənarda qalıb.

Eyni zamanda, Ermənistan məhz işğalçılıq mahiyyəti ilə regional layihələrdən məhrum olub. Bu ölkənin Azərbaycana hərbi təcavüzü onu uzun onilliklər boyu inkişafdan saxlayıb.

Ermənistan bu 30 il ərzində ancaq dağıdıcılıqla məşğul olub. Azərbaycanın yaşayış məntəqələrinin adlarını dəyişdirməklə tarixi silməyə ümid bəsləyib. Özlərinin yaratdıqları və inanmağa başladıqları mifik ideoloji doqmalara inanmaqla, sivilizasiyadan, inkişafdan kənarda qalıb. Bununla da erməni xalqı mövcud inkişaf axınından, regional və beynəlxalq müstəvidəki inteqrasiya siyasətindən kənarda qalmalı olub.

İndi yeni şans və imkanlar yaranıb, artıq gələcəyə baxmağı bacarmaq vaxtıdır. Azərbaycan bu isitqamətdə səylə çalışır. Ermənistan isə hələ müharibədən əvvəlki dövrdə olduğu kimi, azərbaycanlılara kin-küdurət bəsləyir. Ermənistan bu yanşamadan əl çəkməli, gələcəyə baxmağı bacarmalı, bölgədə yaranmış yeni reallığa, əməkdaşlıq imkanlarına töhfə verməlidir. Əks halda bu, Ermənistanın özünün məhvinə aparacaq”.



  • 24-05-2021, 11:23