AZ   |   RU
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri


Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi, mədəni köklərə əsaslanır. Ümummilli lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Buna tarix boyu Azərbaycanda yahudilərə göstərilən xoş münasibət və müasir dövrdə Bakı-Təl-Əviv əlaqələri bariz nümunədir. İkitərəfli əlaqələrin möhkəmlənməsində ən mühüm amillər sırasında qarşılıqlı səfərlərin təşkili dayanır.


Mayın 30-da İsrail Dövlətinin Prezidenti İshaq Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İshaq Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Qeyd edilib ki, İsrail Dövlətinin Prezidenti İshaq Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir.Təbii ki, bütün bu əlaqələrin daha da möhkəmlənməsi istiqamətində əsas addımlardan biri İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlaması oldu ki, bununla da ikitərəfli münasibətlərdə yeni mərhələnin başlandığını çox rahatlıqla deyə bilərik.

Bu əməkdaşlıq, qarşılıqlı hörmət hazırda özünü bütün sahələrdə açıq şəkildə büruzə verir. Prezident İlham Əliyevin bu gün İsrailin dövlət başçısı ilə görüşü zamanı bildirdiyi kimi "İsrailin müasir müdafiə sənayesi məhsulları Azərbaycana öz milli maraqlarını və ərazi bütövlüyünü qorumağa yardım edir" və Bakı öz Ordusunu məhz bu xəttlə daha da güclənidrməkdə maraqlıdır.

Prezident İlham Əliyevlə görüşü zamanı "İnanıram ki, səfərim münasibətlərin daha da inkişafı üçün təkan nöqtəsi olacaq", - deyən İsrail dövlət başçısı bu açıqlama ilə Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduqlarını nümayiş etdirdi.

İki ölkənin biznes icmaları və şirkətləri arasında sürətlə inkişaf edən əlaqələri nümayiş etdirən qarşılıqlı iqtisadi fəaliyyətin yüksək göstəriciləri də az əhəmiyyət kəsb etmir. Turizm, enerji, kənd təsərrüfatı, tibb, kibertəhlükəsizlik - iki ölkə arasında əməkdaşlıq sahələrinin siyahısı bununla məhdudlaşmır.

Hər iki dövlət başçısı sayəsində hazırda bütün sahələrdə əlaqələr yüksək səviyyədədir. 44 günlük Vətən mü¬haribəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi, bundan sonrakı mərhələdə - işğaldan azad edilmiş ərazilərin bərpası dövründə də İsrailin dəstəyini, orada bərpa-quruculuq işlərində Azərbaycanın yanında olduğunu sonadək hiss etdirəcəyi bugünkü səfərdən də bəllidir. İsraillə Azərbaycanın münasibətlərinin yüksələn xəttlə inkişafı onu deməyə əsas verir ki, bu münasibətlər həm İsrail, həm Azərbaycan, həm də region ölkələri üçün önəmli və əhəmiyyətlidir. 



Rövşən Rəcəbov

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi



  • 1-06-2023, 18:43