AZ   |   RU
Vətəninə, sevgisinə, insanına, sənətinə vəfalı olan xalqın sənətkarı - FOTOLAR


Vəfalı olmaq çox çətindir. Hələ o vəfalı adam istedadlıdırsa, dövlətinə sevgi dolu yaşayırsa, yüzlərlə insana yol açmağı, o yolla necə və niyə getməyi öyrətməyi bacarırsa, şəhidinin başı həmişə uca olsun deyə, ömrünü şam kimi əridirsə, yazırsa, yaradırsa, oxuyub oxudursa, fəxri adların yüksəkliyində dayanmaqla bütün xalqına fəxarət yaşadırsa,belə şəxsiyyət onun sevənlərin bir ömür boyu ayaq üstə alqışına layiqdir.

Oturmurdular. Oturmaq istəmirdilər. Otura bilmirdilər. Gurultulu alqış səsləri “Kapelhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzini, vallah şişirtmirəm, lərzəyə gətirmişdi.

O fəfalı şəxsiyyət yenə həmin dostlarını, həmin sevdiklərini hamının, bütün xalqın əvəzinə növbəti əsrarəngiz konsertinə dəvət etmişdi. Necə də qəribədir: o vafalı şəxsiyyətin təşkil etdiyi mərasimlərdə tamaşaçıların hər biri bir-birini tanıyır, salamlaşırlar, qucaqalaşırlar, sərbəst və azad mühitə düşürlər. O vəfalı şəxsiyyətin konsertləri elə dəvət etdiyi andan başlayır və bitmir.

Salondan çıxırıq, bu dəfə təəssüratlarımızın salonuna düşürük. Yolda, evdə, səhər işdə elə hey həmin mahnıları zümzümə edirik. Sənə mahnılar deyirəm, möhtəşəm bəstəkarların əbədiyyət qazanmış bəstələri, dəyərli xalqın təfəkkürünün məhsulu olan mahnılar... Həm də kimlər oxuyur, bilirsinizmi? Bəli, Nobel mükafatçısı Taqorun “hələ də uşaqlar doğulursa, deməli, dünyanı xilas etmək olar” deyərək gözlərini tuşladığı uşaqlar. Qana çalxalanan dünyanı küçələrinə su səpərək yalnız onlar təmizliyə çıxara bilərlər, bir tikə çörək, bir qarış yurd yeri üçün yarlarına cəfa çəkdirmək məcburiyyətinə düçar olanları bax bu uşaqlar geri qaytarmağı bacararlar, dünyanın heç kimin olmayacağını, bu gün üçün yox, sabah üçün, əbədi əməl sahibi olmaq naminə yaşamağın doğru olduğunu ancaq o sehrinə düşdüyümüz konsertin mirvari uşaqları qandıra bilərlər bizlərə.  

Azı min dəfə əhsən dedik, “gözəl”,  “heyrətamiz”, “möhtəşəm” ifadələrisə rəqs edən mələklərə qoşulmuşdular.

“Azərbaycan Dövlət Flarmoniyasının simfonik orkestri, bədii rəhbər - drijor Ağaverdi Paşayev”. Bu elanı eşidəndə, elə sevindim ki, sağ gözümdə yaş gilələndi. Diksindim, sağ gözümdə kiçicik problem var – kömpyuter xəstəliyidir, düşündüm odur, yenə gəlib. O gilədən birinin də sol gözümdə yarandığını hiss edəndə anladım ki, belə də olmaldır. Axı mən yenə o vəfalı şəxsiyyətin təşkil etdiyi konsertdəyəm.   

Drijorları və simfonik orkestrləri sevirəm. Konsert boyu maestro Ağaverdi bəyə o qədər minnətdarlıq edirdim ki... Düşünürdüm, Ağaverdi Paşayev daxilinin bütün nöqtələri notlardan ibarət olan adamdır. Xoşbəxt adamdır. Həm də ona görə ki, Niyaziyə oxşayır, Üzeyir bəyə oxşayır. Bu adları zikr edəndə belə adamın nitqi tutulur. İlahi belə möcüzəvi orkestrin ifasında, Ağaverdi Paşayev kimi maestronun rəhbərliyi ilə konsertdə oxuyan mələklər ki, bu dərəcədə möhtəşəm bəstəkarların mahnılarını ifa edirlər, necə tab gətirirdilər, necə dimdik ayaq üstə dura bilirdilər. Biz yerimizdə çökmüşdük – o ifaların dibinə çökmüşdük. Bu dib necə də dupduru idi, təsəvvürlərimizdə olan cənnətə oxşayırdı.

Bu uşaqlara səhnə davranışını, ifa tərzini, o duruşu, o yerişi bu qədər mükəmməl öyrədən şəxsiyyətin özü hansı ucalıqdadır, ilahi?

Bu sualları konsert boyu özümə yağış kimi yağdırırdım. Denən, üşüyürdümmü? Əksinə, sərinlik tapırdım, şablon tədbirlərdə məni tərk edən ürəyim köksünə qayıtmışdı. Elə şeşələnirdi ki... Hələ replika da atırdı. Deyirdi, istəsəm dayanaram, heç xəbərin də olmaz, düşdüyün bu ovqat səni mənsiz də yaşada bilər.   

Elə də oldu. Yalnız ruh oyaq idi, bizimləydi. Əminəm ki, o anlar hamını fəxarət hissi bürümüşdü. Konsert Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdu. Fəxarətin birinci ünvanı Ulu Öndər idi. Belə bir dahisi olan xalq niyə də xoşbəxt yaşamasın?! Övladlarımız da mələklərmiş. Bəzən bu gerçəyi unuduruq, pis anlar da oradan başlayır. Əgər valideynlər övladlarına daha əvəl və daha çox mədəniyyət aşılasalar, dünya həqiqətən xilas olar. Dünən iki saatlıq xilas oldu da.

Xilaskarların banisi kimdir bəs? Əlbəttə, o vəfalı şəxsiyyət. Onun rəhbərlik etdiyi “Sənət Akademiyası”. Onun özü – bütövlükdə varlığı.

Sonda səhnəyə çıxıb elə oxudu, elə şeir dedi ki, tamaşaçılar səhnəni mühasirəyə almaya bilmədilər. O, elə səhnədə qaldı. Getmədi. Getməyəcək. Hələ çox yazacaq, yaradacaq, yaşadacaq. Şeirində üzünü şəhidinin ruhuna tutub, onu niyə tək qoyub getdiyini söylədi. Bu çağırışa dözmək olmurdu. Pıçıltı ilə dedim: Siz tək deyilsiniz, vəfalı insan. Bütün xalq Sizin pərəstişkarınız, heyranınzdır. Siz xalqın sənətkarısınız.Ən şərəflisi hansısa ailənin üzvü olmadan həmin evin ən sevimli insanına çevrilməkdir. Rəhbərlik etdiyiniz “Sənət Akademiyası” yüzlərlə ailəyə nur səpib. Övladlarını musiqi sənətinə, rəqsə yönəldən valideynlər cəmiyyətin ən əziz insanlarıdır. Onlar mədəni cəmiyyətin formalaşmasında böyük rola sahibidirlər. Bu kimi mövqe məhz Sizin varlığınıza görə seçilir. Valideynlər övladlarını Sizə tapşırırlar. Siz təkcə Aybəniz Haşımova deyilsiniz. Siz hər birimiz və hamımızsınız! Siz xalqın mədəniyyət və mənəviyyat təcəssümüsünüz! Vətəninə sevgisinə, insanına, sənətinə, vəfalı olan xalqın sənətkarı!

Hələ də pıçıldayıram. Sehrə bax, hamı da nə dediyimi aydın eşidir!

Ceyhun Musaoğlu



  • 6-05-2023, 16:06