AZ   |   RU
Türk Ağsaqqalları İctimai Birliyi - TAİB üzvləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTOLAR


Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in üzvləri Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar  Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Missiya.Az
xəbər verir ki, ziyarətə TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev, Təşkilatın İdarə Heyətinin üzvləri, eləcə də Qadınlar Şurası, Gənclər Təşkilatının təmsilçiləri və media nümayəndələri qatılıblar. 

TAİB təmsilçiləri Soyqırım qurbanlarının əziz xatirəsini böyük ehtiramla yad edib, abidənin önünə əklil və gül dəstələri qoyublar.

TAİB sədri Sudeif İmamverdiyev Missiya.TV-yə açıqlamasında bildirib ki, Xocalı faciəsindən 31 il keçməsinə baxmayaraq, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi faciəni heç vaxt unutmayacaqlar: 

“Xocalı faciəsi” cinayətkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.  Azərbaycan Respublikasının prezidenti, müzəffər Ali Baş komandan  İlham Əliyevin rəhbərliyi və güclü siyasəti ilə “Xocalı Soyqırımı” dünya ictimaiyyətinə çatdırılıb. 

Biz vətəndaş cəmiyyəti olaraq daim dövlətimizin yanındayıq. Ali Baş komandan 44 Günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən ordumuzla Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı və öz ərazi bütövlüyümüz bərpa olundu”.

TAİB-in Qadınlar Şurasının sədri Güllü Yoloğlu, həmçinin Gənclər Təşkilatının üzvü, qazi Qədir Quliyev də Xocalı faciəsinə dair fikirlərini bölüşüblər.  Onlar müsahibələrində Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da bu ağır faciənin xalqımızı daha da mətinləşdirdiyini və gücləndirdiyini vurğulayıblar.

Qeyd edək ki, ziyarətdə TAİB Gənclər Təşkilatı ilə əməkaşlıq edən “Əbədi Birlik” Gənclər Təşkilatının fəalları da iştirak edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-02-2023, 14:47