AZ   |   RU
Rəşad Dağlının məhkəməsi başlayıb

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Missiya.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə dövlət ittihamçısı Orxan Səmədovdur.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Elvin Əliyev vəsatət qaldırıb. O bildirib ki, prosesdə R.Dağlı və zərərçəkmiş şəxsin ailə sirləri açıqlana bilər. Ona görə də vəkil prosesin qapalı keçirilməsini istəyib.

R.Dağlı vəkilin vəsatətini müdafiə edib.

Hakimlər müşavirədən sonra vəsatət üzrə qərarı açıqlayıblar. Vəsatət təmin edilməyib. Hakim bildirib ki, vəsatət əsaslandırılmayıb. Ona görə də indiki mərhələdə vəsatət təmin olunmayıb.

Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.



  • 17-04-2023, 11:03