AZ   |   RU
Mövsümün ortasında "Ərəb payızı"

Tarixdə 22-ci olsa da, ilk payız mundialı kimi yaddaşlarda qalacaq Qətər-2022 Dünya Kuboku başa çatdı. Peyğəmbərin doğulduğu coğrafiyada "futbolun peyğəmbəri" nəhayət, bu titula qovuşdu.

Söhbət, Messidən gedir. Haqqıydımı? Əlbəttə ki, bəli. Messi ilə bərabər Ərəbistan yarımadasına sonuncu cəhd üçün gələn bir neçə ad var idi ki, onlar da bir az aşağı, bir az yuxarı bu titulu öz adlarının önünə yazdırmağa layiq idilər. Ağıla ilk gələndən başlayaq. Ronaldu.

Digərləri ilə müqayisədə qitə çempionluğu da olan portuqaliyalı əfsanəyə heç bu turnirin yarımfinalı da nəsib olmadı. Gəl ki, onun komandası, böyük ölçüdə sonuncu mundial həyəcanını yaşayan Levandovskini vətəninə çox erkən yola salmışdı. "Bir güllə bahar olmaz" deyiminin hikmətini, məncə çoxdan dərk edən "qol maşını" klub karyerasındakı uğurları ilə kifayətlənməyə, elə öyünməyə də məhkumdu.

Neymarı bəlkə də, iştirak etdiyi sonuncu böyük turnirdən əliboş, gözü sulu yola salan Modriçin isə final yolunu Messi bağlıdı. Tarixin ən yaxşı orta sahə oyunçularından hesab olunan xorvat əfsanəyə milli karyerasındakı dünya ikinciliyi və bu dəfəki bürünc medallar təsəlli olacaq. Bu dünya çempionatı futbolda yəqin ki, böyük bir dönəmin qapanışını sürətləndirəcək. Tarixin ilk payız mundilalı futbol ağacından qopan iri yarpaqların xəzanı kimi xarakterizə olunsa, daha doğru olar, yəqin ki. Bütövlükdə, "Ərəb payızı" yadda qalan, məzmunlu və bir o qədər də kövrək, depressiv turnir oldu.

Bu dramatik filmin final səhnəsi isə, kompazisiyanı mükəmməl tamamladı. Düz 4 dəfə rəqib qapıçının məyus edən Mbappeyə buna rəğmən sevinmək müəssər olmadı. Laçın-Xankəndi yolunda böyük monitorda izlənən oyunun sonunda nə yaxşı ki, sevinmək Messi və Argentina azarkeşləri ilə yanaşı, təəssübkeş azərbaycanlılara qismət oldu. Var gücləri ilə 4 illiyin futbol bayramını ölkə tamaşaçısına yüksək səviyyədə təqdim etməyə çalışan İctimai kanala da "Əhsən" düşür. Xüsusən finalın şərhi- vikipedik informasiya ilə tamaşaçını "yükləyən" Tural Dadaşovu Gündüz Abbaszadənin yaradıcı üslubunun sığortalaması, əla tandem idi. Elə, Tural Dadaşovun təbirincə desək, Maradonanın da səmadan, buludların arasından izlədiyi final qarşılaşmasının yekunu ilə növbəti mundial, bu mundialla isə ömrümüzün növbəti 4 ili geridə qaldı...

Ədalət Abdullayev
Missiya.Az


  • 19-12-2022, 13:06