Ermənistan Qarabağda yaşayan erməni əhalinin "humanitar böhran"dan əziyyət çəkdiyini iddia edərək, Laçın dəhlizi vasitəsilə Xankəndiyə "humanitar" yüklərin çatdırılmasına çalışır. Azərbaycan tərəfi isə humanitar yüklərin Laçın dəhlizi ilə yox, Ağdam-Xankəndi yolu ilə çatdırılmasına çalışır. Sual oluna bilər ki, Ağdam-Xankəndi yolunun Laçın yolundan fərqi nədir ki, Rəsmi Bakı həmin yol vasitəsilə humanitar yüklərin çatdırılmasında israrlıdır?
Mövzu ilə bağlı Missiya.Az-ın sualını cavablandıran politoloq Asif Nərimanlı bildirib ki, Azərbaycan Laçında sərhəd-keçid məntəqəsini quraraq, dəhlizi ləğv etsə də, bu yoldan yüklərin daşınması Azərbaycan ərazisinə praktiki olaraq müdaxilə deməkdir:
“Təbii ki, buradan daşına biləcək yükləri yoxlaya, nəzarətdə saxlaya bilərik, lakin bu, Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan ərazilərində mərkəzi hakimiyyətin bərpası hədəfini çətinləşdirir.
Birincisi, ermənilər Laçın dəhlizini gündəmdə saxlayır;
İkincisi, Azərbaycan ərazisində yaşayan əhaliyə kənar ölkədən yardımların gəlişi ilə ərazi bütövlüyümüzə qarşı praktiki müdaxilə edilir;
Üçüncüsü, erməni əhalisi bu yolu “çıxış qapısı” olaraq görür və bu, onları həm reinteqrasiyadan uzaqlaşdırır, həm də bölgədəki separatizm üçün “nəfəslik” rolunu oynayır;”
Ekspert qeyd edib ki, bu baxımdan, Ağdam-Xankəndi marşrutunun qəbul edilməsi rəsmi Bakının Qarabağ strategiyası üçün əhəmiyyətlidir:
“Hər şeydən öncə Azərbaycan ərazisinə yüklər öz ərazimizdən daşınacaq, eyni zamanda, erməni əhalisinə Azərbaycan məhsulları da çatdırılacaq. Təbii ki, rəsmi Bakı digər ölkələridən gələn yüklərin də buradan keçidinə şərait yaradacaq, amma bu tədricən aradan qalxacaq və əsas təminatçı kimi Azərbaycan dövləti önə çıxacaq. Bu da Qarabağda separatizmin ləğvi, əhalinin reinteqrasiyası üçün önəmlidir. Misal üçün, Ermənistandan Qarabağdakı ermənilərə göndərilən yüklər ilk dövrdə Rusiyanın vasitəsilə Bakıya gətirilə, burada Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə Ağdam marşrutu üzrə Xankəndinə aparıla bilər. Bu formada təminatın çətinlikləri var, o baxımdan, Azərbaycan öz məhsullarını Xankəndinə göndərəcək, yaxud belə demək mümkünsə, əsas təminatçı biz olacağıq. Azərbaycan məhsulundan istifadə edən erməni əhalisi də reallığı qəbul etməli olacaq. Bununla yanaşı, Ağdam marşrutundan yüklərin daşınmasını həyata keçirəcək BQXK-nin Xankəndindəki ofisi təşkilatın Bakıdakı nümayəndəliyinə tabe olacaq. Doğrudur, BQXK-nın erməni xəstələri Laçın yolundan keçirərək, Ermənistana aparmasına şərait yaradılır və Xankəndindəki ofisin İrəvandakı nümayəndəliklər təmaslarını şərtləndirir, lakin yüklərin Ağdamdan daşınması ilə BQXK-nın xankəndindəki ofisi məcburi olaraq Bakıdakı nümayəndəliklə də işləyəcək. Sonrakı mərhələdə, yəni reinteqrasiya prosesində erməni xəstələrin Ermənistanda yox, Azərbaycanda müalicəsi də qaçılmazdır, beləliklə, BQXK-nin Xankəndindəki ofisi tamamilə Bakıdakı nümayəndəliyə tabe olacaq”.
Asif Nərimanlı əlavə edib ki, Ağdam-Xankəndi marşrutu olduqca strateji məsələdir: “bu marşrutun açılması ilə ermənilərin yaşadığı ərazilərdə mərkəzi hakimiyyətin bərpası istiqamətində ciddi addım atılmış olacaq”.
Daşqın Həsənov
Missiya.Az