
Mayın 22-də Ermənistan baş naziri Nikol Paşinyan mətbuata açıqlaması zamanı bildirdi ki, İrəvan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Paşinyanın bu açıqlamasından sonra Ermənistanın müxalif dairələri və Qarabağdakı separatçı rejim onu ittiham etməyə başladılar. Və bildirdilər ki, onlar Qarabağın Azərbaycan ərazisi olmasını qəbullanmayacaqlar.
Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən siyasi-ekspert Asif Nərimanlının fikrincə Ermənistanın sülh müqaviləsi ilə bağlı gerçək niyyəti heç də səmimi deyil:
“İrəvan müqavilənin Qərb masasında imzalanmasını, yaxud danışıqların əsasən bu platformada davam etməsini istəyir və bununla öz planını həyata keçirməyə çalışır:
“Birincisi, Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyinin qorunması” ilə bağlı “beynəlxalq mexanizm”in yaradılmasına çalışır və bu, Qarabağ məsələsini “hüquqi münaqişəyə” çevirmək məqsədi daşıyır. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Qarabağ iddiasını bu və ya digər formada davam etdirir.
İkincisi, Sülh müqaviləsini Qərb platformasında həll edib, Qarabağ məsələsini Bakı-Moskva xəttində problemə çevirmək istəyir. Rusiya Qarabağ məsələsini bölgədə rıçaq olaraq istifadə edib, əgər sülh müqaviləsindən kənarda qalacaqsa, o zaman, Xankəndindən çıxmaqdan sona qədər imtina edəcək”.
Ekspert hesab edir ki, separatçılar Paşinyana etiraz etsə də, onların erməni baş nazirin mövqeyinə təsir edə biləcəyi ehtimalı azdır, çünki rəsmi İrəvan bu prosesdə öz oyununu oynayır:
“Bu kontekstdə sülh müqaviləsinin bağlanmasının Azərbaycan üçün riskli tərəfləri də var. Ona görə rəsmi Bakı Qarabağ məsələsində beynəlxalq konsensusun əldə edilməsini istəyir, yəni Qərb və Rusiyanın iştirakı ilə, hərçənd, bu çətin görünür. Bu baxımdan, Azərbaycan başqa istiqamət üzrə hərəkət edir. Ermənistanla sülh müqaviləsi ayrı məsələdir, Qarabağdakı ermənilərlə təmasların qurulması ayrı məsələ. Lakin separatçıların ləğv edilmədiyi, Qarabağda silahsızlaşdırma prosesi həyata keçirilmədiyi müddətdə sülh müqaviləsi problemin həlli demək deyil. Fikrimcə, diplomatik danışıqların aparılmasına paralel olaraq, Qarabağdakı separatçıların qovulması, eləcə də erməni silahlıların çıxarılması istiqamətində də addım atılacağını görə bilərik. Laçın postunun qurulmasından sonra Azərbaycanın əli kifayət qədər güclənib, o cümlədən, rıçaqlar genişlənib. Hazırda separatçıların arxasındakı qüvvə Ermənistandan daha çox Rusiyadır, fikrimcə, Moskva ilə müəyyən anlaşmalar çərçivəsində bu məsələnin həlli istiqamətində addımlar atılacaq”.
Daşqın Həsənov
Missiya.Az