AZ   |   RU
Bu gün Cənubi Qafqazın ən güclü dövləti Hərbi Hava Qüvvələri gününü qeyd edir

14 fevral Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günüdür. 
 
Azərbaycan Hərbi Hava Qüvvələri Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, 1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri (HHQ) ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Bu gün ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir. Ölkəmizdə müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına sərf edilərək aviapark müasirləşdirilib. Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır.
 
Vətən müharibəsində zəfərin başlanğıcı olan Aprel döyüşlərində Hərbi Hava Qüvvələri düşmənə uğurlu zərbələr endirib. Hava şahinlərimizin, pilotlarımızın, Hava Hücumundan Müdafiə Qoşunlarının şəxsi heyətinin İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında böyük rolu olub. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi qulluqçularımız qəhrəmanlıq, şücaət və yüksək peşəkarlıq göstəriblər. HHQ-nin şəxsi heyəti Vətən müharibəsində olduğu kimi, bundan sonra da Ali Baş Komandanın istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır.
 
Bir sözlə bu gün Cənubi Qafqazın ən güclü dövləti Hərbi Hava Qüvvələri gününü qeyd edir. 

Missiya.Az


  • 14-02-2023, 12:37