AZ   |   RU
Süleyman Soylu prezident seçkilərinin ikinci turu üçün səs verib: "Bundan sonra Türkiyə yeni mərhələyə başlayacaq”

"Bundan sonra Türkiyə yeni mərhələyə başlayacaq”.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu prezident seçkilərinin ikinci turu üçün səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O söyləyib ki, seçki prosesi problemsiz davam edir: “60 gündür ki, Türkiyədə seçki festivalı keçirilir. Seçkilərin nəticəsinin millətimiz üçün xeyirli olmasını arzu edirəm".

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.



  • 28-05-2023, 10:34