AZ   |   RU
Sudanda növbəti atəşkəs cəhdi də baş tutmadı


Sudanda atəşkəs rejiminə nail olmaq istiqamətində göstərilən sayca yeddinci cəhd də iflasa uğrayır.

Missiya.Az
"Euronews" telekanalına istinadən xəbər verir ki, Xartum şəhərində və digər yerlərdə aviasiya zərbələri və toqquşmalar barədə məlumatlar yayılıb.

Bildirilib ki, ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə dünən elan olunan yeddi günlük atəşkəs rejimi qüvvəyə mindikdən az sonra Sudanda yenidən atəş səsləri eşidilib.

Atəşkəsin qüvvəyə minməsi ərəfəsində münaqişə tərəflərini döyüşləri dayandırmağa çağıran BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Folker Pertes bunun ehtiyacı olanlara humanitar yüklərin çatdırılması və insanların hərbi əməliyyatlar zonasını təhlükəsiz tərk etməsi üçün vacib olduğunu deyib.

Qeyd olunub ki, əvvəlkilərdən fərqli olaraq, budəfəki atəşkəs rejiminə 12 nəfərlik komitə nəzarət edəcək. Komitəyə münaqişə tərəflərinin, həmçinin ABŞ və Səudiyyə Ərəbistanının hər birindən üç nəfər daxil olacaq.

Zərintac Mayisqızı
Missiya.Az




  • 23-05-2023, 13:58