AZ   |   RU
MM-də “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” adlı dinləmə keçirilib

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin birgə təşəbbüsü ilə “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” adlı dinləmə keçirilib.

Missiya.Az xəbər verir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan tədbirdə Respublika Uşaq forumlarının iştirakçıları, fəal məktəblilər iştirak edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir:

“Hətta ən çətin vaxtlarda belə dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Ötən illər ərzində uşaqların həyatı, onların hüquqlarının müdafiəsi, inkişafı ilə bağlı böyük işlər görülüb, güclü qanunvericilik bazası yaradılıb. Yeni reallıqlar və çağırışlar fonunda uşaq hüquqlarının müdafiəsi sahəsi ildən-ilə təkmilləşir. Hökumət daim uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğulayıb ki, ölkədə uşaq hüquqlarının qorunması üçün bütün şərait yaradılıb:

“Onların sağlamlığının qorunması istiqamətində də vacib addımlar atılır. İcbari tibbi sığortadan uşaqların ödənişsiz yararlanması buna bariz nümunədir. Bu da dövlətin bir qayğısıdır. Fiziki sağlamlığın qorunması istiqamətində də çoxlu işlər görülür. Bir çox rayonlarda idman komplekslərinin açılması təqdirəlayiqdir. Tək Azərbaycanda deyil, dünyanın qabaqcıl müəssisələrində istedadlı gənclərin təhsili üçün yeni xaricdə təhsil proqramı da var”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, dövlət uşaqların iştirakçılığı ilə bağlı məsələyə hər zaman xüsusi önəm verir:

“Bizim qurum uşaq hüquqlarının müdafiəsi istiqamətində bölgələrdə, ucqar kəndlərdə iş aparmağa üstünlük verir. Çünki həmin ərazilərdə olan uşaqların fəallaşması təmin edilməlidir. Görülən işlərin nəticəsində uşaqların gözümüzün qarşısında necə inkişaf etdiklərinə şahidlik edirik. Gələcəyə gedən yolda qazanılan biliklər gənclər üçün düz yolun açılmasına imkan yaradacaq”.

Görüşdə uşaq, yeniyetmə və gənclərin iştirakı ilə ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində əldə olunan uğurlar, dövlət uşaq siyasətinin həyata keçirilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi, qarşıda dayanan vəzifələr müzakirə olunub.

Dinləmədən sonra uşaqların Milli Məclisin plenar iclas zalı, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotostend və Vətən müharibəsindən bəhs edən guşəyə baxışı da olub.



  • 2-06-2023, 11:56