Bu gün Ermənistanın Zəngəzur vilayətinin Qafan rayonunun 13 kəndi Azərbaycanın nəzarətinə keçir.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın “hetq.am” saytının əməkdaşı ilə söhbətində Qafan Bələdiyyəsinin sədri Qorq Parsyan deyib.
Bələdiyyə sədrinin sözlərinə görə, Ermənistanın Müdafiə Nazirliyi martın 16-sı, saat 17:00-a qədər Qafan rayonunun təhlükəsizliyini təmin edən bir neçə mövqeyin Azərbaycana təhvil verilməsi barədə təlimat verib.
Sitat:
“Qafana bitişik 13 kəndin təhlükəsizliyini təmin edən mövqelər Azərbaycanın nəzarətinə keçəcək. Bu kəndlər sırasında Davit-Bek, Kaghnut, Uzhanis, Yeghvard, Agarak, Ditsmayri, Syunik, Geghanuş, Çakaten, Şikahoq, Nerkin-Hand, Tsav var. Bundan başqa, Azərbaycanla sərhəddən Qafan rayonunun qeyri-yaşayış hissəsinə qədər olan məsafə 100 metr, yaşayış hissəsinə isə 1 km olacaq”, - sitatın sonu. Qeyd edək ki, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhəddinin demarkasiyasına start verilib. Artıq demarkasiya prosesi çərçivəsində Qafan rayonundan Ağarak (Əkərək) kəndinə gedən yol tamamilə Azərbaycanın nəzarətinə verilib. Ermənilər Qafan rayonuna həmin yolun Azərbaycan ordusunun nəzarətində olan hissəsindən keçib getməlidirlər. Çünki alternativ yol yoxdur. Hazırda təhlükəsizliyə Rusiya sülhməramlıları cavabdehdir. Ermənistan hökuməti 3 il ərzində yerli əhali üçün alternativ yol çəkməlidir. Ondan sonra yol tam şəkildə Azərbaycan sərhədçilərinin nəzarətinə veriləcək.
Həmçinin Sovet dövründə çəkilən Ermənistan-Azərbaycan sərhəddinə əsasən, ermənilərin qanunsuz olaraq Zəngəzur vilayətinin Gorus şəhəri ərazisinə daxil etdikləri Qubadlının Şahverdilər və Şurnuxu kəndlərinin bir hissəsi, Gorus-Qafan yolunun 4 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə verilib. Sərhəd xəttinin müəyyənləşdirilməsi GPS və Sovet dövründə hazırlanan xəritələr əsasında həyata keçirilir.Elvin
Missiya.Az