İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi laparoskopik xolesistektomiya xəstəliyindən əziyyət çəkən vətəndaşa Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında əməliyyat olunmaq üçün göndəriş verilməməsinin səbəbini açıqlayıb.
Missiya.Az xəbər verir ki, qurumun Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov deyib ki, agentliyin həmin klinika ilə müqaviləsi aktivdir.
“Hazırda ATU-nun Tədris Cərrahiyə Klinikası bizə dəstək olaraq bir çox əməliyyatlar icra edir. Həmin xanım pasiyentin xəstəlik tarixçəsi agentliyin eskpertiza şöbəsi tərəfindən araşdırılıb. Nəticədə müəyyən olunub ki, təqdim edilən laborator analizlər və digər müayinələr əməliyyatın təcili olmadığına əsas verib. Həmçinin müraciət edilən əməliyyat növü dövlət tibb müəssisələrində icra olunur. Bu səbəbdən həmin pasiyentə özəl tibb müəssisəsində əməliyyat üçün göndəriş verilməsindən imtina olunub. Yalnız təcili olan hallarda və dövlət xəstəxanalarında icra edilə bilməyən əməliyyatlar üçün özəl tibb ocaqlarına göndəriş verilir”, - o vurğulayıb.
Qeyd edək ki, adı açıqlanmayan həmin pasiyent göndəriş almadığından öz vəsaiti hesabına ATU-nun Tədris Cərrahiyə Klinikasında əməliyyat olunub. Klinikanın həkim cərrahı Mübariz Əliyev agentliyin göndəriş verməməsi ilə bağlı paylaşım edib və bu qərardan narazılığını bildirib.