
Ermənistan Xarici İşlər Nazirliyi son dövrlər Rusiya telekanallarında rəsmi İrəvana qarşı əsassız ittihamlar səsləndirilməsi və ölkənin daxili məsələlərinə müdaxilə cəhdlərinə etiraz olaraq Rusiya tərəfinə Nota təqdim edib.
Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.
"Rusiyanın İrəvandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Nəzərə alsaq ki, bu mövzu şübhəsiz ki, ER vətəndaşlarının diqqət mərkəzindədir və qızğın ictimai müzakirə obyektidir, etiraz notasının məzmununu onlardan gizlətmirik.
Etiraz notasında Rusiya Federasiyasının kütləvi informasiya vasitələrində Ermənistan Respublikası hökumətinə qarşı açıq qeyri-dost, çox vaxt düşmənçilik xarakterli təbliğata qarşı kəskin etiraz ifadə edilir ki, bu da bəzi rəsmi şəxslərin, Dövlət Dumasının deputatlarının, KİV-lərin və Rusiya Federasiyasının ekspert icmasının nümayəndələrinin bəyanatları ilə fəal şəkildə gücləndirilir.
Etiraz notasında vurğulanır ki, Rusiya dövlət televiziya kanallarının canlı efirində səsləndirilən təhqiramiz bəyanatlar, o cümlədən Ermənistan hakimiyyətinin fəaliyyətinə qarşı hücumlar qətiyyən yolverilməzdir və Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında son yüksək səviyyəli səfərlərin müsbət nəticələrinin neytrallaşdırılmasına gətirib çıxarır",- deyə Nota mətnində qeyd olunur.
Sənəddə o da vurğulanıb ki, belə bir informasiya siyasətinin məqsədyönlü şəkildə həyata keçirildiyi təəssüratları yaranır: "Məqsəd isə Ermənistanda qanunçuluq və konstitusiya quruluşunu sarsıtmaqdır”.
Elcan
Missiya.Az