
Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.
Görüş çərçivəsində Akdemiya ilə Nazirlik arasında hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin biliklərinin və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək birgə işlər və digər tərəfdaşlıq perspektivləri müzakirə edilib, tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandumda MAA-da hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin Ədliyyə Nazirliyinin struktur bölmələrində təcrübə keçmələri və könüllü fəaliyyətə cəlb olunmaları, Nazirliyin əməkdaşlarının MAA-da hüquqşünasların hazırlığı prosesində iştirak etmələri, hüquq elminin inkişafına yönəlmiş birgə təkliflərin hazırlanması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Görüşdə həmçinin A.Paşayev və F.Əhmədov bir qrup tələbəyə Yunanıstanın paytaxtı Afinada keçirilən XVI Layden-Sarin Məhkəmə Müsabiqəsində (“Leiden-Sarin International Air Law Moot Court Competition”) MAA-nı təmsil etmiş və yarımfinala yüksəlmiş Amal Əhmədova, İlahə Səmədovaya, Rəsul Əliyevə, həmçinin Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “Femida Könüllüləri” təşkilatının təşkil etdiyi “DİVAN” Milli Məhkəmə Simulyasiyasında l yerə layiq görülmüş Həmayil Sadıqovaya, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müasir vergi orqanlarının yaradılmasının 25 illiyinə həsr etdiyi “Vergilər” mövzusunda ümumrespublika olimpiadasında III yerə layiq görülmüş Həliməxatun İsmayılovaya təşəkkürnamələr təqdim edilib.
