Azərbaycan bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafının ikinci mərhələsi çərçivəsində daha 10 yeni layihənin həyata keçirilməsini planlaşdırır.
Missiya.Az xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Avropa KİV-inə müsahibəsində bildirib.
O xatırladıb ki, 2027-ci ilə qədər Azərbaycanda "yaşıl enerji" sahəsində 10 layihənin həyata keçirilməsi planlaşdırılır və buna 2,7 milyard ABŞ dolları investisiya yönəldiləcək.
"Bu, 2 GVt “yaşıl enerji” istehsal etməyə imkan verəcək. 2027-ci ildən sonra üç fazalı inkişafın ikinci fazası çərçivəsində daha 10 layihəmiz var – bunlar dənizdəki külək elektrik stansiyaları, qurudakı külək elektrik stansiyaları, günəş enerjisi layihələri və sairədir - beləliklə, 2030-cu ilə qədər istehsal edəcəyimiz 6 GVt-dan çox əlavə "yaşıl enerji"nin 4 GVt-ı əsasən dəniz külək elektrik stansiyalarından ixrac ediləcək", - energetika nazirinin müavini bildirib.
Onun sözlərinə görə, eyni zamanda Azərbaycanda "bu yeni həcmləri sabitləşdirmək üçün" 250 MVt-lıq akkumulyator sistemlərinin tikintisi planlaşdırılır.
"Azərbaycan-Türkiyə" yaşıl enerji dəhlizinin yaradılması layihəsinə toxunan O.Zeynalov qeyd edib ki, bu dəhliz öz başlanğıcını Naxçıvan Muxtar Respublikasından götürəcək: "Boston Consulting Group (BCG) layihənin texniki-iqtisadi əsaslandırmasını yeni tamamlayıb, yekun hesabatı hökumətə təqdim edib. O, 2 komponentdən ibarətdir. Komponentlərdən biri Naxçıvanda yaşıl enerji zonasıdır, burada yaşıl enerji əsasən günəş stansiyalarında istehsal ediləcək, çünki Naxçıvanda radiasiya səviyyəsi daha yüksəkdir, lakin külək enerjisi üçün də müəyyən potensial var. İkinci komponent isə Türkiyəyə interkonnektordur".
O.Zeynalov əlavə edib ki, bu enerji dəhlizi ilə “yaşıl enerji” təchizatının həcmi ilə bağlı dörd variant öyrənilib: 0,5 GVt, 1 GVt, 1,5 GVt və 3 GVt.
"Yenə də HVDC kabeli nəzərdən keçirilir, ona görə də bu məsələyə baxılacaq. Bu da çox vacib layihədir və onun iki variantı var: bir marşrut Naxçıvandan Türkiyəyə birbaşa ixrac, alternativ marşrut isə Cəbrayıl qovşağından Zəngəzur vasitəsilə Naxçıvana və sonra Türkiyəyə ixracdır. Hər iki variant BCG hesabatında öyrənilib", - deyə nazir müavini bildirib.