
Milli Məclisin sədri Sahibə Qafarova Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
Missiya.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əlaqələrin dostluq və qardaşlıq əsasında inkişafından məmnunluq ifadə edilib.
Spiker Sahibə Qafarova ötən həftə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri, dövlət başçılarının Azərbaycanın işğaldan azad olunmuş Laçın şəhərinə səfəri və burada Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Zirvə Görüşünün keçirilməsini məmnunluqla xatırladaraq, bildirib ki, bu görüş ortaq dəyərləri bölüşən ölkələrimiz arasında qardaşlığın və dostluğun növbəti bariz təzahürüdür. Bu Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrimizin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ təşkil edəcək.
Səfir Qasım Mohiuddin ölkələrimiz və xalqlarımız arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərini vurğulayıb. O, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin salamlarını Azərbaycan parlamentinin spikerinə çatdırıb.
Səfir Qasım Mohiuddin Pakistan və Hindistan arasında münaqişə barədə geniş məlumat verib. Diplomat, ölkələrimizin bütün məsələlərdə bir-birinə dəstək verdiyini söyləyərək, Azərbaycanın Pakistana dəstəyinin əhəmiyyətini qeyd edib.



