Noyabr ayında Zəfər gününün şanlı taixinin unudulmaz anlarını, şəhidlərimizin əziz xatirəsini ehiramla yad eməklə yanaşı, dəmir yumruqla başını əzdiyimiz məğlub ölkənin məsuliyyətsiz rəbərliyi bir neçə dəfə təxribata əl atdı. Ermənistan Azərbaycan sərhəddindəki toqquşma məhv olmuş hay tayfasına yenə də baha başa gəlsə də, bizim də ürəyimiz yandı. Düşməni darmadağın edən Azərbaycan əsgəri canı bahasına sərhədlərimizi qorudu, cənab ali baş komandanın dediyi kimi durmalı olduğumuz yerdən bir addım da geri çəkilmədi. Gündəmi yenə də Paşinyanın əli çatan yerlərə bitib-tükənməyən zəngləri, sülhməramlıların sülhdən başqa hər şeylə məşğul olduqları reallığı, Ermənistanın özünəməxsus dəhliz anlayışı və s. xəbərlər bürüdü. Hələ içimizdəki bəzilərinin Paşinyana züy tutmaqlarını demirik. Elə bil bu boyda torpağı alan bu ordu, bu dövlət, bu xalq, bu hakimiyyət deyil. Xülasə, cənab prezidentin Zəfər gününü qalib ordusu ilə Şuşada qeyd etməsi, Qarabağın işıq sürətilə yenidən dirçəldilməsi sağdan-soldan, lap elə içəridən bu dövləti didməyə hazır olanlara dərd oldu. Ümumiyyətlə, paradoks məqamlar var. Nə kəramətdirsə, bizim müxalifət hər zaman Ermənistan hakimiyyətinin əlinə oynamağa çalışır. Nədəndirsə, hər iki cəbhənin bu mövzuda fikirləri hər zaman üst-üstə düşür. Həm Ermənistan hakimiyyəti, həm sosial şəbəkədən fəaliyyət göstərən radikal müxalifətimiz gözəl anlayır ki, məsələ Qarabağ müstəvisindən çoxdan çıxıb. İndi məsələ ilk öncə Zəngəzur, daha sonra tarixi Azərbaycan torpaqlarının digər hissələridir. Paşinyanı və onun simasında erməniləri başa düşürük. Yaxşı dərk edirlər ki, olan-qalan da əldən gedəcək. Bəs sizə nolub, ay paşinyansifətlər? Siz nəyin dərdindəsiniz?
9 noyabrda qorxusundan görüşə gələ bilməyən Paşinyanı az qala qəhrəman eləmişdiz. Paşinyan sürünə-sürünə də olsa bu görüşə gələ bildi. Görüşdən də qabaq öz dili ilə dedi ki, ermənilər düz 30 il özləri özlərini aldadıb. Qarabağ Azərbaycanındır və bu həmişə belə olacaq! Əlacı olsa açıq deyərdi ki, bizim dərdimiz indi ancaq sərhəd dərdidir. Bu növbəti qələbə idi.
26 noyabr Soçi görüşünə “ürəkli” getməyə çalışan Paşinyanın görüş əsnasında gözlərinin dörd olması diqqətdən yayınmadı. Peşiman, əliboş qayıdan yenə Paşinyan oldu. Eynən bizim müxalifət kimi. Allahın qədəri, üzləşdiyimiz faciə, məlum itkilərimiz – bütün bunlar yenə də xainlərin əlində bir komprata çevrildi. Bütün bunlar o zaman baş verdi ki, hamı Ermənistanın diz üstə sülh müqaviləsinə imza atacağı günü gözləyir. Növbəti qələbəni gözləyir, vətənsevərlər. Və elə bu günlərdə gözünün yaşını içinə boğa-boğa, 14 şəhidini torpağa verən Azərbaycan xalqı, həmin məşum gün dərdini sinirməyə macal tapmamış, yenə də gündəmi dəyişməyə cəhd etdilər.
Söhbət Tofiq Yaqublunun döyülməyindən gedir. Söhbət Tofiq Yaqublunun da iştirak etdiyi qanunsuz mitinqdən gedir. Söhbət dövləti az qala öz pilotlarına - zabitinə sui-qəsd etməkdə günahlandıranlardan gedir. Söhbət yenə də Vətən xainlərindən gedir. Bir fədai, bir zabit ömrünün arxasında nə ömürlər durur, neçə ömür durur, dövlətin hansı zəhməti durur, bunun dərininə gedən varmı, görəsən?! Dövlətin bir zabit, fədai yetişdirmək üçün nə qədər zaman sərf etdiyinin fərqinə varan olubmu? Axı, ailəsindən çox, dövlətinə məxsusdur zabit ömrü! Ömürlər gedib, cənablar! Gözünüzü ortaya atıb, gözümüzə, kimlərinsə gözünə soxmağa qəti ehtiyac yox idi! Bildiyimiz odur ki, Vətən üçün canını qurban verib, sevdiklərinə əlvida deyənlərin fonunda erməninin tərif vurub dəstək durduğu fiqurların əzilmiş gözləri ancaq elə ermənilərin işinə yarayır. Bu bizim dövlətin işi ola bilməz! Ama dövlətimiz hamının atasıdır. Bunun da hesabını çəkəcək, narahat olmayın! Hər zaman nahaqqı haqq görən gözlərinizin də hesabını yenə bu dövlət çəkəcək. Siz yetər ki, aman verin. Siz Allah, aman verin.
Lamiyə Rövşənqızı
Missiya.AzMəqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.4. istiqaməti üzrə (ictimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır.