Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri Şimali Kiprin türk xalqı ilə həmrəyliyini artırmalıdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə danışıb. Dövlət başçısı Türk dövlətlərindən bu istiqamətdə əməli addımlar atacaqlarını gözlədiklərini vurğulayıb. O bildirib ki, Şimali Kiprsiz Türk dünyasını təsəvvür etmək çətindir. Ona görə də qısa müddətdə Şimali Kiprin TDT-yə tamhüquqlu üzv kimi qəbul ediləcəyinə inanırıq.
Missiya.Az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk Sherg.az-a bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq müstəvidə tanınması zamanın tələbinə çevrilib:
“Şimali Kipr Türk dünyasının bir parçasıdır. Şimali Kipri türk dünyasız təsəvvür etmək çətindir. Bu fikir getdikcə, güclənməkdədir. Azərbaycan Şimali Kiprlə ən güclü səviyyədə əlaqələr qurub və parlamentlərarası qrup fəaliyyət göstərir. Prezident Ersin Tatar Azərbaycanda ali səviyyədə qəbul olunur, ona böyük ehtiram göstərilir. Ersin Tatarın Azərbaycana hər səfərində Prezident İlham Əliyevlə görüşməsi Azərbaycan dövlətinin Şimali Kiprə olan münasibətini açıq-aydın göstərir, rəsmi Bakının siyasi mövqeyini ortaya qoyur. Bu gün digər türk dövlətlərinin Şimali Kiprlə siyasi-iqtisadi və mədəni əlaqələri güclənməlidir. Bunlar baş verərsə, gələcəkdə tanınma məsələsi sürətlənəcək. Bu həm də Şimali Kiprin siyasi-iqtisadi və beynəlxalq səviyyədə mövqeyini gücləndirəcək. Şimali Kipri beynəlxalq müstəvidə tək qoymaq türk dünyasında yanlış təsəvvürün formalaşmasına gətirib çıxara bilər. Düşünürəm ki, zamanla Şimali Kiprin tanınması prosesi sürətlənəcək”.