AZ   |   RU
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB-4

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.


Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.


Macarıstanın Baş naziri Viktor Orban dövlətimizin başçısını qarşıladı.


Əvvəlcə birgə foto çəkdirildi.


Sonra Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü işə başladı.


Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün əhəmiyyətinə toxundu. O, Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq dedi: “Mən Prezident Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilmişdir. Bu, əvvəllər heç vaxt baş verməmişdir, ilk dəfə idi ki, bu, baş verirdi. Cənab Prezidenti əmin edirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik.


Macarıstanın böyük enerji şirkətlərinə Azərbaycanda neft və qaz sahəsində işləməyə imkan yaratdığına görə də Prezident Əliyevə təşəkkür etmək istəyirəm. Özümüzə məxsus enerji ehtiyatlarımız olmadığı üçün bu, bizim üçün yeni imkanlar açdı. Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olması bizim üçün mühüm əhəmiyyət kəsb edir”.


Qırğız Respublikasının Prezidenti Sadır Japarov çıxışında tədbirin yüksək səviyyədə təşkilinə görə Macarıstan tərəfinə minnətdarlığını ifadə etdi.


Qırğız Respublikasının Macarıstanın Türk Dövlətləri Təşkilatına töhfələrini yüksək qiymətləndirdiyini vurğulayan Sadır Japarov bildirdi: “Biz keçən il rəsmi şəkildə təsis olunmuş Türk İnvestisiya Fondunun tezliklə layihə fəaliyyətlərinə başlayacağını gözləyirik və bu, irəliyə atılmış mühüm addımdır. Bu Fond ticarət, logistika, infrastruktur, rəqəmsal iqtisadiyyat, energetika, sənaye, turizm və sahibkarlıq kimi milli prioritetlərin dəstəklənməsi üçün mühüm mexanizm kimi xidmət edəcək. Müsbət təcrübənin əyani nümunəsi olaraq mən Qırğızıstanda fəaliyyət göstərən Qırğız-Azərbaycan, Qırğız-Özbək və Qırğız-Macar inkişaf fondlarının uğurlu nəticələrini məmnunluqla qeyd edə bilərəm”.


Sonra Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış etdi.


Prezident İlham Əliyevin çıxışı


-Hörmətli cənab Baş nazir.


Hörmətli dövlət başçıları.


İlk növbədə, qonaqpərvərliyə görə Baş nazir Viktor Orbana təşəkkürümü bildirirəm.


Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.


Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm.


Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.

Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm.


Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm.


Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur.


Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.


Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.


Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir.


Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır.


Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.


Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir.


Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.


Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.


Hörmətli həmkarlar, bildiyiniz kimi, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq.


Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir.


Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.


Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi.


COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur.


COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.


Çıxışımın sonunda Macarıstanı qeyri-rəsmi Zirvə görüşünün uğurlu təşkilinə görə təbrik edir, Türk Dövlətləri Təşkilatının fəaliyyətinə uğurlar arzulayıram.


Sağ olun.



  • Dünən, 18:31