Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev inkişaf etməkdə olan dövlətlərdə iqlim böhranına uyğunlaşma və onun təsirlərinin yumşaldılmasına ayrılan maliyyə vəsaitlərinin həcminin əhəmiyyətli dərəcədə artırılmasına çağırıb.
Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə M.Babayev “Sagarmatha Sambaad” iqlim sammiti çərçivəsində Nepalın “The Katmandu Post” qəzetinə verdiyi müsahibədə danışıb.
O vurğulayıb ki, hazırkı maliyyələşdirmə səviyyəsi qlobal istiləşməyə qarşı effektiv mübarizə üçün kifayət etmir.
M.Babayev xatırladıb ki, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) uzun müzakirələrdən sonra illik iqlim maliyyələşdirməsini 300 milyard dollara çatdırmaq barədə tarixi qərar qəbul edilib.
"Lakin problemin miqyasını və iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin tələblərini nəzərə alsaq, bu, kifayət deyil. Buna görə də COP29 və COP30 komandaları iqlim investisiyalarının həcmini ildə 1,3 trilyon dollara çatdırmaq məqsədi daşıyan "Bakıdan Belenə" proqramı üzərində işləyirlər.
İnkişaf etmiş dövlətlər, beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf bankları ən həssas ölkələrə, o cümlədən iqlim dəyişikliyinin ağır nəticələrindən əziyyət çəkən dövlətlər sırasına daxil olan Nepala yardım göstərmək üçün bütün mövcud resursları səfərbər etməlidirlər", - M.Babayev vurğulayıb.
Onun sözlərinə görə, qlobal istiləşmənin ən fəlakətli nəticələrindən biri dağlarda buzlaqların sürətlə əriməsidir: “Bu isə bu gün Nepalda, Azərbaycanda və dünyanın bir çox digər ölkələrində baş verir. Bu, şirin su ehtiyatlarına, kənd təsərrüfatına və iqtisadiyyatın digər vacib sektorlarına mənfi təsir göstərir. Qafqaz, Pamir, And, Alp və Himalay dağlarında qar örtüyü ildən-ilə sürətlə azalır”.