AZ   |   RU
Macarıstanın əczaçılıq şirkətləri Azərbaycandakı fəaliyyətlərini genişləndirəcək

 

Macarıstan şirkətləri yaxın gələcəkdə Azərbaycanda bəzi psixiatrik və ürək-damar dərmanları da daxil olmaqla məhsul portfellərini genişləndirəcək.

Missiya.Az xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma mayın 5-də Bakıda keçirilən "Azərbaycanın əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda bildirib.

Diplomat deyib ki, Macarıstan Azərbaycana dərman ixracına hələ 1993-cü ildə başlayıb:

“Gedeon Richter” Azərbaycanda rəsmi nümayəndəlik açan ilk xarici əczaçılıq şirkəti olub, “Egis” isə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dərman ianə edib. Əczaçılıq şirkətlərimiz Azərbaycandakı fəaliyyətlərini genişləndirməyə sadiqdir, onların yaxın gələcəkdə bəzi psixiatrik və ürək-damar dərmanları da daxil olmaqla məhsul portfellərini genişləndirəcəklərinə inanıram”.

Səfir qeyd edib ki, Macarıstanın seçilən şirkətlərindən olan, lakin hələ Azərbaycan bazarında təmsil olunmayan “PannonPharma” MMC də Azərbaycanla əməkdaşlıq qurmaqda maraqlıdır:

“Bu əməkdaşlığın təkcə səmərəli deyil, həm də çoxşaxəli olacağına əminəm. Şirkət “Scandens Pharmaceutical Industries” ASC, Macarıstanın Peç Universiteti və Azərbaycan Tibb Universiteti ilə birlikdə əczaçılıq sənayesində qısamüddətli təlim və təhsil proqramları sahəsində də əməkdaşlıq planlaşdırır. Bu yolla onlar təkcə Azərbaycan cəmiyyətinin sağlamlığının inkişafına deyil, həm də təhsil sahəsində ikitərəfli münasibətlərə töhfə verə bilərlər”.

T.Torma Macarıstan və Azərbaycan arasında səhiyyə və əczaçılıq sahəsində dövlət səviyyəsində əməkdaşlığın gücləndirilməsi üzərində çalışdıqlarını da vurğulayıb:

“Macarıstanın “Celitron Medical Technologies” şirkəti son zamanlarda xəstəxanalardan toplanan biotəhlükəli tullantıların emalı üçün yüksək dəyərli, ən müasir sterilizasiya və emal avadanlıqları ixrac edib. “Celitron”un innovativ texnologiyası təkcə səhiyyə sahəsində deyil, həm də kəsimxana tullantılarının emalı və quş qripi kimi pandemiya şəraitində heyvan cəsədlərinin utilizasiyası üçün də tətbiq oluna bilər. Bu sahəyə holistik yanaşma ilə Macarıstan və Azərbaycan arasında səhiyyə və əczaçılıq sahəsində dövlət səviyyəsində, biznesdən biznesə və təhsil müstəvisində əməkdaşlığın gücləndirilməsi üzərində çalışırıq”.




  • Bu gün, 10:48