AZ   |   RU
Ölkəmizdə saxta düyü varmı? – AÇIQLAMA


Zaman-zaman sosial şəbəkələrdə saxta düyülərlə bağlı iddialar yayılır. Bu da bir çoxumuzun narahatlığına səbəb olur. Bəs görəsən, sözügedən məsələ nə dərəcədə həqiqətə uyğundur? Azərbaycanda da süni düyü hazırlanırmı və yaxud hər hansısa ölkədən gətirilirmi? Düyü seçərkən nələri bilməliyik?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Missiya.Az-a açıqlamasında deyib ki, quruma plastik düyülərlə bağlı hər həftə zənglər daxil olur:

“Ölkədə guya saxta düyülər var. Amma həmin fikirlər kökündən səhvdir. Qida Təhlükəsizliyi Agentliyi ciddi nəzarət edir. Ona görə Azərbaycanda belə düyülər yoxdur. Başqa ölkələrdə bunun istehsalı üçün texnologiyalar olsa da, ölkəmizə saxta düyülər gətirilmir. Qədim zamanlardan Azərbaycanda yerli düyüçülüyün inkişafı üçün yaxşı şərait var. Lakin ölkəmizdə hazırlanan düyülər satılan düyülərin 15-20 faizini keçmir. Bəzi ölkələrdən də düyülər gətirilir ki, əhali hər ölkənin özünəməxsus istehsal metodları olduğunu bilməlidir. Onların dəmlənmə qaydası da bir-birindən fərqlənir. Bəzən evdə düyünü yanlış bişirirlər, yaxşı dəmlənmir. Ona süni düyü deyirlər. Habelə, düyünün dəmlənməsində su amili də önəmlidir. Suyun codluğu da problemlər ortaya çıxarır”.



Eyyub Hüseynov əlavə edib ki, istehlakçılar düyü seçən zaman mümkün olduğu qədər yerli olanlara üstünlük versinlər:

“Onlar ekoloji cəhətdən daha təmizdir. Bununla belə yüksək keyfiyyətli, xarici ölkələrdən gətirilən düyülər də mövcuddur. Vurğulayım ki, düyülərin çox cilalanmış olmasına, parıldamasına istehlakçılar aldanmasın. Nə qədər cilalanırsa, keyfiyyəti də o qədər aşağı düşür. Az cilalanması məqbuldur. Sarı rəngə çalan olması daha məsləhətlidir. Həmçinin, ölkənin əmtəə bazarında və dünyada qara düyülər satılır. Onların qidalılıq keyfiyyəti daha yaxşıdır. Yerli istehsalda da qara düyülər mövcuddur. Alıcılar qara düyülərə də öyrəşməlidir. Lakin qiyməti baha olduğu üçün üstünlük verilmir”.



Zərintac Mayisqızı
Missiya.Az





  • Bu gün, 12:07