"Azərbaycan nümayəndə heyətinin “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclasında iştirakı və Azərbaycanın növbəti dörd il müddətinə Konvensiyanın İkinci Protokolu üzrə Komitənin üzvlüyünə seçilməsi xüsusilə indiki zamanda mühüm əhəmiyyət kəsb edir".
Missiya.Az xəbər verir ki, bunu
SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
"Çünki 30 illik işğal dövründə Ermənistanın maddi mədəniyyət abidələrimizə qarşı görünməmiş vandallıq törətməsinə baxmayaraq, postmüharibə dövründə də öz təxribat əməllərindən əl çəkməməsi, hətta bu təxribatları UNESCO çərçivəsində də davam etdirməsi, bəzi ermənipərəst ölkələrin isə siyasi məqsədlərlə ermənilərin haqsız iddialarına dəstək verməsi yolverilməzdir və bunun qarşısı mütləq alınmalıdır, həm də bütün müstəvilərdə"- deyə o, qeyd edib.
Əziz Ələkbərli bu barədə fikirlərini belə izah edib: "Hamı bilir ki, Ermənistanın 30 il ərzində xalqımızın mədəni irsinə qarşı faşist münasibətinə göz yuman bəzi beynəlxalq təşkilatlar sırasında UNESCO da var və bu irsin bu şəkildə yerlə-yeksan edilməsində UNESCO da məsuliyyət daşıyır. Əlbəttə, biz buna təəssüf edirik. Halbuki Azərbaycan BMT-nin çox mühüm bir qurumu olan UNESCO ilə əməkdaşlığa həmişə böyük önəm verib.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlığın inkişafında xidmətləri müstəsnadır və bütün bunlara görə də UNESCO-nun ölkəmizdə xoşməramlı səfiri seçilib.
Azərbaycan UNESCO ilə əməkdaşlıqda bu gün də maraqlıdır. Şübhəsiz ki, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” müvafiq strukturun Komitə üzvlüyünə növbəti dörd il müddətinə seçilməsi bu sahədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və erməni faşizminin gerçək sifətinin dünyaya tanıdılması sahəsində qarşımızda yeni perspektivlər açacaqdır.
Elə hesab edirəm ki, ermənilərin təkcə işğaldan azad etdiyimiz ərazilərimizdəki vəhşiliklərini yox, bu gün “Ermənistan” adlanan tarixi torpaqlarımızdakı maddi-mədəniyyət abidələrimizə, bütövlükdə mədəni irsimizə qarşı törətdiyi vandallıqları da dünya ictimaiyyətinə çatdırmağın vaxtı çatmışdır və biz bunu edəcəyik".Müəllif: Turqay Musayev