AZ   |   RU
Nazir müavini təhqirlərə layiqdirmi? – Vasilyevanın rəqsinə sözardı

Gənclər və idman nazirinin müavini Marina Vasilyevanın sosial şəbəkələrdə yayılmış məlum rəqs videosundan sonra başlanan müzakirələr hələ də səngimək bilmir. Sosial şəbəkələrdə rast gəlinən çoxsaylı və daha çox tənqidi ruhda olan reaksiyalar mühafizəkar cəmiyyətlər üçün xarakterikdir. Yəni, kütləvi, “ayıb olsun” kimi münasibətlərə təbii də yanaşmaq olar. “Can-cana” tipli səviyyəsizliyə qol götürüb oynayanların da münasibətində qeyri-adi heç nə görmürük, “Tərəkəmə”, “Naz eləmə” kimi sanballı xalq musiqisi nümunələri ilə mədəni zövqünü formalaşdıranların yazdıqlarında da. Necə deyərlər, hər kəs öz düşüncəsində sərbəstdir. Baxmayaraq ki, bəzən aşırı ittihamlara da rast gəlinir. Sanki rəqs edən xanım rahibədir...
 
Nazir müavinin rəqsi xüsusunda bizim də demək istədiklərimiz var. Məsələn, əcnəbi məmurun, üstəlik idmançının – peşəkar gimnastın əyləncə ab-havalı dost məclisində bir rəqs növünün müxtəlif elementlərini nümayiş etdirməsindən dolayı onun əxlaqi keyfiyyətləri barədə yazılan rəylər, dilə gətirilən fikirlər və ümumən şəxsiyyətin alçaldılmasına yönəlmiş cəhdlərlə heç cür razılaşa bilmərik. Gördüklərimiz, müşahidə etdiklərimiz bütün hallarda şəxsi həyata daxil olan səhnəni əks etdirir. Evlərdə, qapalı məkanlarda bəlkə də bundan da açıq formada rəqs edənlər var. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq. Marina Vasilyevanın rəqsi çəkilib və ictimailəşdirilib deyə hədəf obyektinə çevrilib.
 
Bu tip rəqs nümunələri dünyada böyük populyarlığa malikdirlər və hətta rəqs üzrə müxtəlif beynəlxalq müsabiqələrdə münsiflərin yüksək qiymətini qazanırlar. Xanım Vasilyevanın rəqsinə cəmiyyətin sərgilədiyi münasibət hər halda daha çox onun tutduğu rəsmi vəzifəyə görədir. Çünki bəzən Azərbaycanın efir məkanında sənət adamlarının, aparıcıların elə hərəkətlərinə rast gəlinir ki, bu davranışlara reaksiya nazir müavinin rəqsinə göstərilən münasibət qədər sərt olmur. Hər halda, biz telakanalların canlı yayınları zamanı “şpaqat” açan aparıcılar da görmüşük, alt paltarında efirə çıxıb bədən əzalarını nümayiş etdirən müğənnilər də. Marina Vasilyeva nazir müavinidir deyə, insanlarımız onun məlum rəqsini tutduğu vəzifəyə tərs mütənasib davranış kimi qiymətləndirirlər. Və bəzən o qədər dərinə gedirlər ki, sanki nazir müavini gənclərin qurultayında, gənclərin iştirakı ilə keçirilən hansısa konfransdakı sədarət masasının üstündə oynayıb. Adam etibar etdiyi, dost bildiyi şəxslərin əhatəsindədir. Hərçənd çox hallarda adama zərbəni də elə etibar olunanlar vururlar...

Bütün normal insanlar hərdən əyləncəyə də ehtiyac duyurlar. İşdən, problemlərdən, qayğılardan bir neçə saatlıq uzaqlaşmaq istəyi insanlar üçün xarakterik haldır. Xanım Vasilyeva nazirliyin binasında, iş zamanı kabinetində istirahətə meyillənsəydi, bəli, bu halda, bəzilərinin iddia etdiyi kimi tutduğu vəzifəyə uyğunsuzluğu mübahisə doğurmazdı. Nə olsun ki, nazir müavinidir? Gənclərin təlim-tərbiyyəsi üzrə görəvi yoxdur ki? Sinif rəhbəridir? Kafedra müdiridir, ya baxça müəlliməsidir? Əcnəbi xanım, əcnəbi idmançı, peşəkar gimnastdır. Biz nədən onun rəqsinə öz mental dəyərlərimizə söykənərək münasibət bildirməliyik? Təkrar edirik, şəxsi həyata aid olan davranışdan söhbət gedir və heç kəsin ixtiyarı yoxdur ki, bu həqiqəti bir kənara atıb Marina Vasilyevanı ağır təhqirlərə məruz qoysun. Nazir müavini məgər insan deyil? Onun hissləri, duyğuları yoxdur, əylənmək, istirahət etməyə haqqı çatmır? Biz kiməsə öz yaxın çevrəsində əylənməyi necə qadağan edə bilərik? Tənqid etdik, fikir bildirdik, göstərdik ki, biz belə rəqslərə, bu rəqsə meyilli olanlara nifrət edirik. Daha küçə söyüşlərinə nə ehtiyac? Olmaz, Marina Vasilyevanın rəqsi heç bir halda onun şəxsiyyətini alçatmağa xidmət edən sözlərlə qarşılanmamalıdır. Bəlkə elə onun məsul olacağı idman səhəsində bundan sonra kifayət qədər ciddi irəliləyişlər müşahidə edəcəyik? Bəlkə bilavasitə onun nazir müavini kimi cavabdeh olduğu sahədə böyük uğurlar əldə olunacaq? Emosiyalarımızı idarə etməyi bacarmalıyıq. Şəxsi həyata aid elementlərdə eşələnmək həvəsimizi də mümkün qədər boğmağa çalışmalıyıq. Hamımız Azərbaycan toylarında şallı xalaların Lambada oynamağa cəhd etdiyini görmüş adamlarıq...
 
...Və bütün bunların əxlaqla, tərbiyyə ilə heç bir əlaqəsi yoxdur.


Missiya.Az

  • 3-12-2021, 17:47