AZ   |   RU
Helikopter qəzasından dövlətə qarşı istifadə cəhdi – Uydurma versiyalar

 

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi hər bir vətəndaşımızı dərindən kədərləndirdi. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Rəsmi məlumata görə, hadisə təlim zamanı baş verib.

 Yalan və əsassız iddialar 

Amma bəzi sosial şəbəkə sevalarında və dövlətə qarşı cəbhə açmış Youtube kanallarında hadisə barədə uydurma xəbərlər tirajlanır, vətəndaşlar arasında çaşqınlıq yaradacaq iddialar ortaya atılır. Başqa sözlə, bəziləri ağlına nə gəldi, onu da paylaşır. Biri iddia edir ki, helikopter məqsədli şəkildə qəzaya uğradılıb. Guya onlar narkotacirləri aşkarlayıbmışlar. Digəri iddia edir ki, helikopter Rusiya qırıcısı tərəfindən vurulub. Bir başqası isə daha betər uydurmalar dilə gətirir. Düşünmürlər ki, yaydıqları yalan informasiyalar hansı nəticələr doğura bilər. Fərqinə varmırlar ki, qəza nəticəsində həyatını itirən hərbçilərin ailəsii, yaxınları var.

Əsassız iddiaları yayanlar kimlərdir?

Əsassız iddiaları yayanların əksəriyyəti xarici dairələrin təsiri altında olanlardır. Onlar təkcə Azərbaycan hakimiyyətinə deyil, həm də Azərbaycan xalqına nifrət bəsləyirlər.

Xarici dairələrin tapşırıqlarını yerinə yetirən sosial şəbəkə dələduzları Azərbaycan xalqının və dövlətinin bütün uğurlarına kölgə salmağa çalışanlardır. Həmin siyasi qruplar Vətən Müharibəsində belə Azərbaycanın qələbə qazanmasına qısqanclıqla yanaşıb, xalqımızın zəfər sevincinə kölgə salmağa çalışırdılar. İndi isə helikopter qəzasını özləri üçün fürsət bilirlər. Əlbəttə, bütün bunlar onların xəyanətkar xislətindən irəli gəlir.

Helikoter qəzası ilə bağlı yalan xəbərlər yayanların məqsədi nədir? 

Onlar əsassız fikirlərlə cəmiyyəti çaşdırmağa, vətəndaşlar arasında informasiya xaosu yaratmağa çalışırlar. Təbii ki, Azərbaycan xalqı xarici dairələrdən maliyyələşən mənbələrə deyil, rəsmi xəbərlərə inanır. Məsuliyyətini dərk edən, helikopter qəzalarının dünyanın hər yerində baş verdiyini bilən vətəndaşlar araşdırmaların nəticələri açıqlanmadan hadisə barədə konkret bir söz deməyə lüzum görmürlər. Bu kimi qəzaların başvermə səbəbi mütləq dərin araşdırmalardan sonra məlum olur. Bu, təkcə bizdə deyil, oxşar hadisələrlə üzləşmiş bütün ölkələrdə belədir. Hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən zəruri sorğular verilib. Azərbaycan hüquqi dövlətdir və bu gün baş verən helikopter qəzası ilə bağlı cinayət işi açılıb. Dövlətin müvafiq orqanları baş vermiş hadisənin səbəblərini araşdıracaq, hüquqi qiymət verəcək və günahkarlar cəzalandırılacaq.


Elvin Məmmədov
Missiya.Az
 



  • 30-11-2021, 19:22