AZ   |   RU
Türkiyənin ailə və sosial xidmətlər naziri Azərbaycandan olan şəhid övladları ilə görüşüb


Martın 24-dən 27-dək Azərbaycanın şəhid övladlarının Türkiyəyə səfəri təşkil olunub.


Missiya.Az xəbər verir ki bu barədə Azərbaycanın "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova “Report”un Ankara bürosuna bildirib. 


Birlik tərəfindən təşkil edilən 4 günlük proqramı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi, həmçinin hər iki ölkənin Ankara və Bakıdakı səfirlikləri, Azərbaycan Hava Yolları dəstəkləyir.

28 nəfərlik heyətdə 26 məktəbli yer alır. 

S.Orucova deyib ki, səfər əsasən texniki təmayüllü siniflərdə təhsil alan şəhid övladlarının Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkəti - TÜSAŞ, Türkiyənin texnologiya nəhənglərindən olan “ASELSAN”da təcrübə keçməsi layihəsi əsasında icra olunur: “Yuxarı sinifdə təhsil alan şəhid övladlarının yaz tətilini daha səmərəli keçirimələri məqsədilə layihə bu tarixlərə salındı”. 

Proqram çərçivəsində azərbaycanlı heyət Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş tərəfindən qəbul edilib. 

Şəhid övladları, həmçinin Ankarada yerləşən, ali məktəblərə qəbul göstəricilərinə görə Türkiyədə ilk sıralarda yer alan Məhəmməd Əmin Rəsulzadə adına liseydə də olublar. 

Qeyd edək ki, səfər çərçivəsində heyət Ankaradakı Heydər Əliyev parkını, Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyini (Anıtqəbir), Maşın, Kimya, Sənaye və Texnologiya Muzeyini ziyarət ediblər. 

Martın 27-dək isə TÜSAŞ, ASELSAN-da təcrübə mübadilələri, Prezident Adminstrasiyası Kitabxanasına səfərlər təşkil ediləcək, Türkiyə Böyük Millət Məclisini (TBMM) ziyarət, millət vəkilləri, eləcə də bir çox hökumət və qeyri-hökumət təşkilatları ilə görüşlər də nəzərdə tutulub. 

Şəhid övladları arasında Milli Qəhrəmanlar Polad Həşimovun oğlu Teymur Həşimov, Murad Mirzəzadənin oğlu Nurlan Mirzəzadə və digərləri də var. Eləcə də sağlığında “Murov Qartalı” adını almış, şəhid, polkovnik-leytenant Raquf Orucovun oğlu, tələbə Nihat Oruclu da İB-nin könüllüsü olaraq bu səfərə qatılıb.




  • Dünən, 19:38