AZ   |   RU
"AzDrama"nın daha bir aktrisası teatrın rəhbərliyinə qarşı çıxdı - "Repressiya davam edir"

Əməkdar artist Mehriban Xanlarova ilə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının (“AzDrama”) bədii rəhbəri Mehriban Ələkbərzadə arasında davam edən gərginlik fonunda teatrın daha bir aktrisası Əməkdar artist Münəvvər Əliyeva qurumun rəhbərliyinə qarşı çıxdı.

O, Missiya.Az-a açıqlamasında Mehriban Xanlarovanı dəstəklədiyini vurğulayıb.

“Hamı bilir ki, Mehriban haqlıdır, o düz deyir. Sözügedən hadisələrlə bağlı səhərə kimi yata bilmirəm. Teatrımızda “repressiya” dövrü davam edir. Sanki aktyorlar gözləmə məntəqəsindədir. Elə bil ki, avtobus gözləyirlər ki, gələcək onları sığınacağına yığacaq. Rəhbərlik isə özünə xoş gələn, özünə kölə edə biləcəyi adamlarla çalışır. Teatrın aktyor heyəti 5-10 il gözləyə-gözləyə, hər yeni gələn bədii rəhbərlə ömrümüz çürüyə-çürüyə gedirik. Bundan əvvəlki bədii rəhbərin dövründə də oturdum, gözlədim onda da “repressiya” dövrü var idi. Mənə deyirdi: “Sən mənim aktyorum deyilsən, sən Mehribanın aktyorusan. Filankəs mənim aktyorum deyil və s.” Onun üzünə açıq şəkildə bildirdim: “Siz teatra gəlmisiniz, “mənim aktyorum deyilsiniz” nə deməkdir? Siz Akademik Milli Dram Teatrına gəlmisinizsə, hamımız sizin aktyorunuz olmalıyıq”. Teatrda hər zaman belə “repressiya” dövrü olub, amma bu dəfə çox aydın, qabarıq şəkildə, dözülməz həddə çatıb. Bu gün tetarın bütün aktyorları qorxur, kənara çəkilib. Hamı gizlənir, demək olar ki, buranın bütün aktyorları təhqir olunub, o şəxsdən zərbə görüblər. Lakin susurlar, susdurulurlar. Bundan qabaq mən əməliyyata getdim, həmin gün də teatr mənim dilimdən düşməyib. Ona görə ki, bu gün kimsə bizə qapı göstərsin? Kim səsini qaldırırsa, ona qapı göstərilir. Rəhbərliyin son yazısı təkcə Mehribana şamil olunmurdu, bu hamımıza aid edilirdi”, - aktrisa bildirib.



Əməkdar artist “AzDrama”nın digər aktyorlarını da ayağa qalxmağa, öz sözünü açıq deməyə, mübarizəyə çağırıb.



Zərintac Mayisqızı
Missiya.Az



  • Dünən, 11:41