AZ   |   RU
Adını tarixə yazan Hikmət Mirzəyevin doğum günüdür


28 fevral Xüsusi Təyinatlı Qüvvələrin sabiq komandanı, Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevin doğum günüdür.

Missiya.Az
xəbər verir ki, 57 yaşı tamam olan Hikmət Mirzəyev 1968-ci ildə Biləsuvarda dünyaya göz açıb.

O, Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb. Ulu Öndər Heydər Əliyevin prezident olduğu illərdə polkovnik-leytenant rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. 2002-ci ilin 19 yanvarında Ümumilli liderin imzaladığı sərəncamla general-mayor hərbi rütbəsini alıb.

H.Mirzəyev 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən İkinci Qarabağ Savaşında Cəbrayılın və Şuşanın azad olunması əməliyyatlarına başçılıq edib. Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla ona general-leytenant hərbi rütbəsi verilib.

2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı təyin edilib, 2024-cü il noyabrın yeddisində isə Prezident İlham Əliyevin sərəncamı ilə general-polkovnik rütbəsi alıb.

Vurğulamaq yerinə düşər ki, Hikmət Mirzəyev Şuşa şəhərinin işğaldan azad olunmasında böyük qəhrəmanlıq göstərib. Adını tarixə Şuşa fatehi kimi yazdırıb. Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hikmət Mirzəyevə zəng edib. Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində igidliklə, rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad olunmasında da əsas pay sahiblərindən olan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.



Zərintac Mayisqızı
Missiya.Az



  • 28-02-2025, 12:39