AZ   |   RU
Ermənistanın Tramp qorxusu - "Bayden administrasiyası yeni prezidentə "erməni mirası saxlamağa çalışır"

Bu gün Vaşinqtonda Ermənistan və ABŞ arasında strateji müttəfiqlik sazişi imzalanacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi də məlumat yayıb. Saziş Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken tərəfindən imzalanacaq. Qeyd edək ki, Blinkenin səlahiyyət müddəti yanvarın 20-də bitəcək. Görünən odur ki, İrəvan hakimiyyəti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp administrasiyanın Azərbaycanla əməkdaşlığı gücləndirəcəyindən ehtiyyat edərək, bu cür tələsik qərar verib. 


Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden Administrasiyasının səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış Ermənistanla strateji sənədin imzalanması Trampa “miras” qoymaq məqsədi daşıyır:


“ABŞ-nin yeni hakimiyyətinin Ermənistana münasibətdə sələfindən fərqlənəcəyi, Cənubi Qafqazda daha çox Azərbaycana önəm verəcəyi proqnozlaşdırılır; Trampın Baydendən fərqli olaraq, Bakı-İrəvan arasında balans xəttini qoruması belə Ermənistan “əlini zəiflədəcək” amildir. Strateji sənədin imzalanması ilə yeni administrasiyanın üzərinə Ermənistanı dəstəkləmək öhdəliyini qoymaq istəyirlər, hərçənd, Trampın buna nə qədər əməl edəcəyi sual altındadır”. 


O, qeyd edib ki, sənəddə nələrin əks olunacağı xüsusilə maraqlıdır. Təfərrüatlar bəlli olmasa da, bura təhlükəsizlik kimi məsələlərin daxil ediləcəyi, özündə 5 aprel 2024-cü il Brüssel razılaşmasının müəyyən tərəflərini ehtiva edəcəyi istisna deyil. O da istisna deyil ki, Mirzoyanla Blinkenin əsas müzakirə mövzularından biri yeni administrasiyanın sənədə sadiq qalmasını təmin etməyin yollarıdır və bu prosesdə erməni diasporu/lobbisinin aktivlik nümayiş etdirəcəyi gözləniləndir: 



“Strateji sənəd Trampın Bakı-İrəvan xəttində balansı saxlamaq imkanlarını zəiflədir. Yeni administrasiya Cənubi Qafqazla bağlı siyasətində ya bu sənədi əsas götürməyə, ya da Azərbaycanla da eyni razılaşmalar əldə edə bilər. Əks təqdirdə, Trampın regiondakı siyasəti effektsiz olacaq”,- deyə Asif Nərimanlı bildirib.




Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 13:06