
İlkin araşdırma nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Caliber" redaksiyası etibarlı hökumət mənbələrindən məlumat əldə edib.
Bildirilib ki, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyasında bərpa edilib.
Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib. Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır. Məlum olduğu kimi, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib. HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.
Zərintac Mayisqızı
Missiya.Az