Bu gün Vətən Müharibəsi şəhidi Elməddin Məhərrəmovun doğum günüdür. Elməddin Şahlar oğlu Məhərrəmov 1999-cu il noyabrın 13-də Siyəzən rayonunun Məşrif kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Məhərrəmov (2019-cu ildə hərbi xidmətə yollanıb) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Kəlbəcər (Murovdağ), Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elməddin Məhərrəmov 5 oktyabrda Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Ermənilərin onlarla tankını, hərbi texnikasını məhv edən Elməddinin Murovdağın, Füzulinin, Cəbrayılın azad olunmasında misilsiz xidmətləri olub.
Elməddin Məhərrəmov "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı, "Cəsur döyüşçü" medalları ilə təltif olunub.Hazırda şəhidin doğulduğu kənddə onun adını daşıyacaq məscid tikilir.