Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media savadlılığı” konfransı çərçivəsində “Süni intellekt və media savadlılığı” mövzusunda dəyirmi masa təşkil olunub.
Missiya.Az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Agentliyin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluğu ilə keçirilən dəyirmi masada Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu, Türkiyənin Radio və Televiziya Ali Şurasının Strateji Planlaşdırma İdarəsi, Rumıniyanın Buxarest Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Audiovizual Şura, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının rəsmiləri, həmçinin sahə üzrə ekspertlər tərəfindən təhrif edilmiş məlumatların yayılmasında və qarşısının alınmasında rol oynayan texnologiyalar, süni intellektin media sferasına münasibətdə mənfi və müsbət tərəfləri, xəbərlərin doğruluğunu yoxlama potensialı, generativ süni intellekt və rəqəmsal məzmun yaradıcılarının informasiyanın istehsalına və yayımına transformativ təsiri müzakirə edilib. Diqqətə çatdırılıb ki, texnologiyaların geniş tətbiqi informasiya mühitini mürəkkəbləşdirməklə yanaşı, dezinformasiyanın əhatə dairəsini önəmli dərəcədə genişləndirir, bu da cəmiyyətdə yanlış məlumatların artmasına səbəb olmaqla, insanların düzgün informasiya əldə etməsini çətinləşdirir.
Qeyd olunan kontekstdə sözügedən məsələlərə uyğun həll yolları tapmaq üçün beynəlxalq əməkdaşlıq və effektiv tənzimləmə mexanizmlərinin yaradılmasının vacibliyi vurğulanıb.