M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib.
Missiya.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Xatırladaq ki, sözügedən komissiyanın üçüncü iclası 13 noyabr 2023-cü il tarixində Ankarada təşkil olunub. İclas Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcunun sədrlikləri ilə gerçəkləşib. Nazir müavini Fərid Cəfərov qonaqları salamlayaraq deyib ki, Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq və qardaşlıq münasibətləri iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın inkişafında müstəsna rol oynayır: “Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bu birgə əməkdaşlıq bütün sahələrdə, xüsusən də mədəniyyət sahəsində özünü təzahür etdirir. Bu ilin 1-3 may tarixlərində ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, mayın 11-də Şuşada təşkil edilən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində qardaş Türkiyənin iştirakı bizim üçün xüsusilə sevindirici oldu. Ölkəmiz noyabr ayında 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində "fəxri qonaq ölkə" qismində iştirak etdi. Bütün bunlar iki ölkə arasında mədəniyyət sahəsində yüksək səviyyəli əməkdaşlığın göstəricisidir. Bundan başqa, 11-22 noyabr tarixlərində Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşündə qardaş Türkiyənin mədəniyyət və turizm naziri hörmətli Mehmet Nuri Ersoyun iştirakı və çıxışı çox əhəmiyyətli idi”.
Fərid Cəfərov 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığını xatırladıb, bu sənədin iki ölkə münasibətlərinin zirvəsi olduğunu diqqətə çatdırıb. Azərbaycan-Türkiyə dostluğunun həm ikitərəfli, həm də beynəlxalq müstəvidə özünü göstərdiyini deyən nazir müavini söyləyib ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il dekabrın 6-da Botsvananın Kasane şəhərində keçirilən 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Onlardan ikisi Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” və “Sədəf sənətkarlığı” nominasiya fayllarıdır. “Təzhib sənəti” və “İftar və onunla bağlı sosial-mədəni ənənələr” çoxmillətli fayllarının qəbulu da Türkiyə və Azərbaycanın iştirakı ilə gerçəkləşib. Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu çıxışında Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ilk iclasının 2021-ci ilin 1 mart tarixində Ankara şəhərində keçirildiyini xatırladıb: “Türkiyə və Azərbaycan qədim tarixə, ortaq dil, din və mədəni köklərə malikdirlər. Buna görə də ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edib və bu əməkdaşlıq gündən-günə daha da genişlənməkdədir. İki ölkənin iştirakı ilə kino, teatr, muzeyşünaslıq, kitab işi, qeyri-maddi mədəni irs də daxil olmaqla mədəniyyətin müxtəlif sahələri üzrə əhəmiyyətli addımlar atılıb, çoxsaylı layihələr həyata keçirilib”.
Qeyd olunub ki, hər iki ölkənin müvafiq nazirliklərinin təmsil olunduğu Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının 3-cü iclasından ötən müddət ərzində mədəni əməkdaşlıq daha da güclənib, müvafiq qurumlar arasında əlaqələr dərinləşib. Həmin iclasın yekununda imzalanmış hesabatda yer alan məsələlərin bir çoxu öz həllini tapıb, bəziləri üzərində isə işlər davam etdirilir. Daha sonra hər iki ölkənin nazirliklərinin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən mədəni irs, qeyri-maddi mədəni irs, kino və digər audiovizual sahələr, muzey işi, kitab sənayesi, ifaçılıq sənəti (teatr), mədəni və yaradıcı sənayelər və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsi sahəsində əməkdaşlıq, strateji inkişaf, layihələrin və təsisatların idarə edilməsi, mədəniyyət sahəsində təhsil, beynəlxalq əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Çıxışlardan sonra Birgə komissiyanın dördüncü iclasının protokolu imzalanıb. Protokolda iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Sənəddə mədəni irs, muzeyşünaslıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, kino, kitabxanaçılıq, yaradıcı sənayelər və səhnə sənətləri, konsert və festivallar, təcrübə mübadiləsi və s. məqamlar da yer alıb. Tərəflər Birgə komissiyanın növbəti iclasının 2025-ci ildə Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəliblər. Görüşün vaxtı və digər detallar diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.