Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Muxtar Respublikanın 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində ailə məsələləri ilə əlaqədar təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, növbəti dəfə “Muxtariyyətin zəhmətkeş ailəsi” layihəsi çərçivəsində Culfa rayonunun Milax kəndində uzunömürlü, nümunəvi, zəhmətkeş Qəribovlar ailəsi ilə görüş keçirilib.
Komitənin, Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları və “Ailə könüllüləri” zəhmətkeş ailənin üzvləri, 54 ildir evli olan Qəribov Vahid Cəmaləddin oğlu və Qəribova Bəsti Məhəmməd qızının qonağı olublar.
Uzunömürlü ailə ilə görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva və Culfa Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Nurlan Quliyev Qəribovlar ailəsinin timsalında ailə dəyərlərimizin qorunub saxlanılmasından və gələcək nəsillərə ötürülməsindən söz açıblar. Bildirilib ki, evliliklərinin 54 illiyi tamam olan sözügedən ailənin başçısı 1942-ci il təvəllüdlü Vahid Qəribov uzun illər öz doğma kəndində müəllim işləyib, ailəsinin qayğısına qalaraq, 11 övlad böyüdüb, 22 nəvə, 5 nəticə sahibidir. Onun ömür-gün yoldaşı 1953-cü il təvəllüdlü Bəsti Qəribova qayğıkeş ana kimi vətənpərvər övladlar yetişdirib. Həmin ailənin bir övladı 1-ci Qarabağ mühaibəsində, 1992-ci ildə Ağdamın Mərzili kəndi uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb.
Görüşdə o da vurğulanıb ki, uzunömürlü, nümunəvi ailələrin həyatı və dəyərləri gənc nəsil üçün ilham mənbəyidir. Qeyd edilib ki, ailənin həyat təcrübəsi, əmək və ailə dəyərlərinə bağlılığı, çətinliklərin öhdəsindən necə gəldikləri barədə çıxışların edilməsi, gənclərə motivasiya verir və cəmiyyətə dəyərli mesajlar ötürür.
Tədbirin sonunda Komitə tərəfindən Qəribovlar ailəsinə hədiyyə təqdim olunub.
Zərintac Mayisqızı
Missiya.Az