AZ   |   RU
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası demokratik prinsipləri özündə əks etdirir


Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. 



Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. 


Təsadüfi deyil ki, Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”. 


Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. 


Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. 


Ötən 25 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. 


Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. 


Yusif Əliyev 
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı, Vətən müharibəsi veteranı    


  • 11-11-2024, 11:17