Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin və onun tərəfdaş şirkəti olan “SOCAR Green”in mütəxəssislərinin iştirakı ilə rayonda tikiləcək Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq, mövcud vəziyyətin qiymətləndirilməsi və görüləcək işlərlə bağlı növbəti görüş keçirilib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, görüşdə Biləsuvar rayonu İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, başçının müavinləri, "Masdar" şirkətinin nümayəndələri Amr Usama, Abdalla Əli AlMarzooqi, Murad Sadıxov, Yaşar Qocayev, tərəfdaş şirkət olan “SOCAR Green”-in nümayəndələri İlkin Osmanov və Şamil Nuri tərəfindən tikintiyə hazırlıq işlərinin faktiki vəziyyəti qiymətləndirilib. Həmçinin bu istiqamətdə görüləcək işlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında aparılan danışıqların yekunu olaraq, Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyasının tikintisi qərara alınıb və bu məqsədlə Biləsuvar rayonunun inzibati ərazisində, dövlət mülkiyyətində olan 1 454 hektar torpaq sahəsi ayrılıb.